Sahibə Qafarova Milli Məclisin futbol komandasını Türkiyədə keçirilmiş TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq turnirində uğurlu çıxışla bağlı təbrik edib.
Spiker bununla bağlı parlamentin bugünkü plenar iclasının yekununda danışıb.
O xatırladıb ki, Milli Məclisin komandası Antalyada parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxıb.
Komandanın heyətində Milli Məclisin 10 deputatı, 7 əməkdaşı iştirak edib".
Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn Milli Məclisin komandası qrup birincisi kimi finala yüksəlsə də, həlledici oyunda Türkiyə parlamentarilərinə 1:3 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutub.
Türkiyədə keçirilmiş TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq turnirində çıxış edən deputat Fazil Mustafa turnirlə bağlı təəssüratlarını “Cebheinfo.az ”la bölüşüb.
O bildirib ki, Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində ilk dəfə idi ki, sırf türk dövlətlərinin təmsilçiləri iştirak edirdi:
“Düzdür, Qazaxıstan, Özbəkistan və Macarıstan bəzi səbəblərə görə bu turnirə qatıla bilməmişdi. Amma gələcəkdə bu tədbir genişlənərək TÜRKPA-ya daxil olan bütün ölkələrin iştirakı ilə daha möhtəşəm bir yarışa çevrilə bilər.
Antalyada təşkilatçılıq çox yüksək səviyyədə idi. Meydançalar və otellər yaxşı vəziyyətdə idi. Qarşımıza qoyduğumuz əsas məqsəd finala çıxmaq və qalib olmaq idi. Təbii ki, Türkiyə yığması bizdən daha güclüdür. Onlar mütəmadi olaraq toplaşır və məşq edirlər.
Biz isə yarışdan cəmi 20 gün əvvəl hazırlıq keçə bildik. Gələcəkdə komandanın daha ciddi şəkildə formalaşdırılması, həm indiki, həm də keçmiş deputatların cəlb olunması planlaşdırılır ki, daha güclü heyət yaradılsın.
Turnir çərçivəsində Kipr, Qırğızıstan və Türkiyə təmsilçiləri ilə çox səmimi münasibətlər quruldu. Bu ünsiyyət qardaşlıq və həmrəylik baxımından olduqca önəmlidir”.
“Təəssüf doğuran məqam isə Türkiyə-Azərbaycan millət vəkillərinin qarşılaşmasında Kamran Bayramovun zədələnməsi oldu. Matçın 20-ci dəqiqəsində zədələnən Kamran Bayramov oyunu tək etməli oldu. Artıq Kamran Bayramov aldığı zədə səbəbindən əməliyyat da olunub.
Ümumilikdə, əsas məsələ hansı yeri tutmaq deyil, qardaşlıq əlaqələrinin inkişafıdır və hesab edirəm ki, biz buna nail olduq. Gələcəkdə bu yarışın Mərkəzi Asiyada və Azərbaycanda keçirilməsi də mümkündür”, - deyə o qeyd edib.