İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda həyata keçirilən hərbi əməliyyatların nəticələrinə dair şok hesabat yayımlayıb.
Musavat.com xəbər verir ki, İsrail ordusu döyüşlərin başlanğıcından bəri "Hizbullah"ın raket və artilleriya infrastrukturuna sarsıdıcı zərbələr endirərək qruplaşmanın hücum potensialını əhəmiyyətli dərəcədə zəiflədib.
İsrail ordusunun açıqladığı "ölüm statistikası" və hərbi uğurlar:
SAXAL-ın mətbuat xidmətinin məlumatına görə, indiyədək "Hizbullah"a məxsus 200-dən çox atəş mövqeyinə zərbə endirilib və nəticədə təxminən 1300 raket buraxılış qurğusu sıradan çıxarılıb.
Əməliyyatlar zamanı qruplaşmanın artilleriya sistemlərinə cavabdeh olan 250-yə yaxın döyüşçüsü zərərsizləşdirilib. Öldürülənlər arasında artilleriya bölmələrinə rəhbərlik edən 15 yüksək rütbəli komandir də var.
Bu həftə həyata keçirilən xüsusi əməliyyat nəticəsində "Hizbullah"ın strateji əhəmiyyətli "Naser" bölməsinin artilleriya komandiri Əli Kamel Abd əl-Həsən məhv edilib. SAXAL bu itkinin qruplaşmanın koordinasiya qabiliyyətinə ciddi zərbə vurduğunu bildirir.
Hesabatda qeyd olunur ki, İsrail hərbi hava qüvvələri yaşayış binalarının altında və mülki infrastrukturun daxilində gizlədilən artilleriya anbarlarını dəqiqliklə hədəf alıb.
Qeyd olunur ki, "Hizbullah"ın artilleriya rəhbərliyinin və texnikasının belə sürətlə sıradan çıxarılması, İsrailin Livanın cənubunda bufer zona yaratmaq planının bir hissəsidir. Livan tərəfi hələlik bu rəqəmləri şərh etməsə də, Beyrutdakı mənbələr "Hizbullah"ın taktiki geriçəkilməyə məcbur olduğunu təsdiqləyirlər.
Musavat.com