Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin Azərbaycanla dostluq qruplarının üzvləri aprelin 10-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sonra nümayəndə heyətləri 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Şimali Kiprlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, deputat Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.