AZ

Azərbaycan-Gürcüstan əlaqələri İrəvan üçün nümunədir - ŞƏRH

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan-Gürcüstan münasibətlərinin kökündə dostluq və tarixi bağlar dayanır. Bakı və Tbilisi verilən qərarlarda daim bu xəttə sadiq olublar. Bu təməlin üzərində isə iqtisadi əlaqələr qurulub.

Bu barədə AZƏRTAC-a siyasi şərhçi Araz Balayev deyib.

“Təsadüfi deyil ki, Azərbaycan enerji resurslarının ixracını şaxələndirmək barədə düşünəndə bunu məhz Gürcüstan üzərindən həyata keçirmək qərarına gəldi. Nəticədə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi iri layihələr reallaşdırıldı.

Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi regionun nəqliyyat imkanlarını daha da artırdı. Bu layihələr Azərbaycanla Gürcüstanı bir-birinə sarsılmaz bağlarla bağladı. Bütün bunlar qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin müsbət dinamika ilə inkişafını qaçılmaz etdi”, - deyə A.Balayev qeyd edib.

O vurğulayıb ki, bu mənzərə dövlət başçılarının zəhmətinin nəticəsidir: “Mütəmadi qarşılıqlı səfərlər, mühüm məsələlər barədə sıx məsləhətləşmələr. Əslində Prezident İlham Əliyevin Tbilisiyə son səfəri danışılacaq müsbət məqamların çox olduğunu bir daha göstərdi. Təsadüfi deyil ki, son dövrlər Ermənistan rəsmiləri də Azərbaycan-Gürcüstan əlaqələrini nümunə çəkir və Bakı ilə münasibətləri bu nümunəyə uyğun qurmaq istəyirlər. Bakı və Tbilisi isə İrəvanın cəhdlərini müsbət qiymətləndirir. Çünki regionun əsl potensialı məhz bunun sayəsində ortaya çıxacaq”.

Seçilən
24
azertag.az

1Mənbələr