AZ

BAYIR ŞƏHƏRİN FƏTHİ Rafael Hüseynov yazır

ain.az bildirir, 525.az portalına istinadən.

Rafael HÜSEYNOVAkademik

O konsert 120 ildən bir az da əvvəl olub keçib. 1902-ci ilin yanvarından indiyədək Bakının müxtəlif salonlarında, meydanlarında yüzlərlə, bəlkə minlərlə konsert səslənib. 1902-ci ilin yanvarında baş vermiş o konsertdən də bəlkə qat-qat izdihamlı, coşqulu konsertlər.

Hansısa konsertlərin haqqında, hansısa qəzetlərdə vaxtında yazılar da dərc edilib. O konsertlərə qulaq asan insanlar zövq alıb, duyğulanıb, ifaçıları bol-bol alqışlarla qarşılayıblar. Ancaq heç birinin əks-sədası 1902-ci ilin yanvarında olan o konsertinki qədər sürəkli olmayıb, onillər adlayaraq XXI əsrə, III minilliyə çatmayıb. O konsertin əks-sədası indiyə çatıbsa və gələcək illərə də yönəlirsə, bunun çox dərin səbəbləri var. O konsert sadəcə ayrı-ayrı ifaçıların çalıb-oxuması, oynamasından ibarət bir konsert deyildi. O konsertin bu millətin tarixində qalacaq çox ciddi mənası vardır. 1902-ci ilin yanvarındakı o konsertədək də Bakıda çoxlu konsertlər olmuşdu. Yerli ifaçıların da, ən müxtəlif şəhərlərdən gələn məşhur müğənnilərin də, sənət birliklərinin də konsertləri. Lakin bu konsert onların hamısından fərqlənirdi. Bu, Bakıdakı ilk Şərq konserti idi.

XX əsr başlanırdı, yeni zaman öz nəfəsi ilə hər məqamda duyulurdu. 1902-ci ilin yanvarına qədər Bayır şəhərdə verilən konsertlərin əksəri rusdilli əhali üçün olmuşdu - Bakı səhnələrində Avropanın müxtəlif şəhərlərindən gələn məşhur müğənnilər də çıxış edirdi, yerli müğənnilər də, paytaxt İçəri şəhərdən dışarıya doğru asta-asta böyüyüb genişlənirdi. Ancaq İçəri şəhərdən dışarıya böyüyən Bakı qala divarları arasındakından çox fərqlənirdi: bu, daha çox beynəlmiləl bir şəhər idi, İçəri şəhərsə sırf Azərbaycan-müsəlman-türk şəhəri.

Orada İçəri şəhərin hansı küçəsindən, hansı döngə və dalanından keçsən, qulağına gələn yalnız Azərbaycan dili idi, ancaq qala divarlarından o tayda gün-gün iriləşən, əhatəsi artan Bakıda rus dili daha çox hakim idi. Səbəbsiz də deyildi - burada şəhər rəhbərliyi, bir çox dövlət idarələri və müəssisələr yerləşirdi, redaksiyalar, məktəblər fəaliyyətdə idi, doğrudur, orada Bakı camaatından da çalışanlar vardı, amma gəlmələr çox idi, həm də bir sıra hallarda onlar səlahiyyət, söz sahibi idilər. Və ötmüş vaxtın anlatdığı həqiqət bundan ibarətdir ki, elə Bakı bu cür böyüyəcək, bu cür inkişaf edəcək - müəyyən qədər tərkibcə, amma daha çox ruhca beynəlmiləl şəhər kimi. Elə XX əsrin son çərəyinə qədər o cür də qalacaq. Bakıda rus dili elə Azərbaycan dili ilə yanaşı işlənəcək, hansısa dövrdə hətta daha önə çıxacaq, Bakı küçələrindən keçənlərin qulaqlarında hər addımda Azərbaycan dili ilə yanaşı, bəzi hallarda isə ondan da daha çox rus dili olacaq, rayonlardan Bakıya gələnlərə, bu rusdilli və hansısa səviyyədə həm də rusruhlu (bu deyim, təbii ki, yalnız bir xarici milləti deyil, Bakıda o çağlar məskunlaşmış digər xalqların da təmsilçilərini ehtiva edir) mühitdə üstdən baxaraq onları seçib-ayıran, bir az da aşağılayan söz də quraşdıracaqlar: "çuşka". Təkcə davranış deyil, elə ruscanı kələ-kötür danışmaq da həmin "çuşkalığ"ın əlaməti sayılacaq. 1990-cı illərin əvvəllərindən etibarən artıq şəhərə onminlərlə qaçqının, məcburi köçkünün axınla gəlişindən, başqa millətdən olanların da elə həmin cür axınla gedişindən sonra dil və mədəni gedişat havası da dəyişdi. Dil mühiti tam azərbaycanlılaşdı, doğrudur, bu, əvvəlkindən fərqli olaraq, ləhcələri, şivələri bol, ədəbi dil ölçülərinə, sən deyən, riayət etməyən saya danışıq dili idi, mədəni səviyyə, şəhər ab-havası da bir az kəndistan çalarlı olmuşdu, ancaq neyləyəsən ki, gedişatın gücü bu qədərinə çatmışdı.

...XX əsr başlananda artıq Azərbaycan teatrı 30 yaşına doğru irəliləyirdi. Azərbaycanın müxtəlif səhnələrində, çeşidli bölgələrdə, eləcə də Tağıyev teatrında və digər səhnələrdə vaxtaşırı Azərbaycan dilində tamaşalar oynanırdı. Lakin Bakıda rusdilli truppalar daha çox idi və teatrların səhnələrində onların verdiyi tamaşalar Azərbaycan dilində olan tamaşalardan sayca, əlbəttə ki, artıq idi. Ancaq hər halda azərbaycandilli tamaşalar da Bakı şəhərində vaxtaşırı olaraq nümayiş etdirilirdi. Fəqət bunu konsertlər haqqında demək mümkünsüzdü - milli musiqidən ibarət konsertlər yox idi.

Və ona görə də 1902-ci ilin yanvarında Bakıda verilən ilk Şərq konserti əhali arasında canlı maraq oyatmışdı. Bakıda evlərdə keçirilən xudmani məclislərdə, İçəri şəhərdəki yığnaqlarda, Abşeron kəndlərindəki toy-düyündə, təbii ki, tar-kaman çalınırdı, xanəndələr oxuyurdu, balaman, zurna-qaval da öz yerində. Ancaq 1902-ci ilin yanvarınacan Bakının hansısa səhnəsində bir xanəndənin tamaşaçı qarşısına çıxaraq oxuduğunu görən olmamışdı.

Bu konserti hazırlamağın əsas təşəbbüskarı Əbdürrəhim bəy Haqverdiyev olmuşdu. Əbdürrəhim bəy o vaxt cavan bir insan idi, vur-tut 31 yaşı vardı. Ancaq onun mütləq Bakı şəhərində bu konserti təşkil etmək istəyi gərək sadəcə mədəniyyət hadisəsi və bir təşəbbüskar ziyalının milli musiqimizə sevgisinin nişanəsi sayılmaya. Həmin konsert millətin özünütəsdiqinin parlaq ifadəsiydi və Bakıdakı birinci Şərq konsertinə Əbdürrəhim bəy Haqverdiyev uzun müşahidələr və dərin düşüncələrdən sonra gəlib çıxmışdı.

Əbdürrəhim bəy Şuşadan Bakıya bircə il əvvəl gəlmişdi. Gəlincə də məktəbdə müəllimliyə başlamışdı. Ancaq belə hiss olunur ki, o, Şuşada olarkən, bəlkə hətta Şuşaya gəlməmişdən, Peterburqda oxuduğu, çalışdığı illərdə də bu konsert haqqında fikirləşirmiş.

Əbdürrəhim bəy cavanlığından ağsaqqal sanbalı daşıyan bilikli bir ziyalı idi və Rusiyada oxuyub-işlədiyi illərdə həm Bakı, həm Qafqaz mətbuatını müntəzəm izləyirdi və elə gözəyarı hesablamadan aydınca görürdü ki, Bakı səhnələrində azərbaycanlı aktyorların hazırlayıb nümayiş etdirdikləri tamaşaların sayı ilə rus truppalarının verdiyi tamaşaların həm miqdarı, həm məzmun rəngarəngliyi arasında kəskin fərq var. Ona görə də hələ Bakıya gəlib çatmamışdan, Peterburqdaykən, özünün xatırlamasına görə, Aleksandrinski teatrının tamaşalarına baxmağa müntəzəm gedərmiş. XIX əsrin sonları isə Aleksandrinski teatrının həyatındakı ən parlaq mərhələlərdənmiş. Əbdürrəhim bəy Haqverdiyev baxırmış və çox arzulayırmış ki, Azərbaycanın da belə möhtəşəm səhnəsi, bu sayaq üstün tamaşaları və aktyorları olsun. Ona görə də hələ Peterburqda ikən Azərbaycan səhnəsinin gələcəyini düşünərək bir-birinin ardınca haçansa səhnəyə çıxacağı ümidi ilə yeni pyeslər yazır, təbdillər edirmiş. Ancaq həmin dövrə aid qeydlərindən anlaşılan həm də budur ki, Əbdürrəhim bəy o qəbil işləri görə-görə mədəni mənzərənin bütövlüyü üçün yalnız mətnlərin bəs olmadığını dərk edirmiş, daha əməli addımların atılması vacibliyini duyurmuş. Özü üçün qətiləşdirdiyi qənaətlərindən ilki bu imiş ki, mütləq Bakı şəhərində milli musiqidən ibarət konsertlər təşkil edilməlidir, xalq musiqisi İçəri şəhərdəki ayrı-ayrı evlər və məhəllələrdən, Abşeronun kəndlərindəki toylardan - məişət, meydan səviyyəsindən ayrılaraq - daha üst mərtəbəyə qalxmalı, Bakı şəhərindəki mötəbər səhnələrə çıxmalıdır.

Dəmlər o dəmlər idi ki, Avropa və rus musiqisi Bakı səhnələrini fəth etmişdi. Bu, quruca söz deyil, sübutu həmin illərin qəzetlərindədir. "Kaspi"ni il-il vərəqlədikcə, az qala hər nömrədə sıra-sıra konsertlər, opera tamaşaları barədə, gəlmə müğənnilərin ifaları haqqında sadəcə xəbərlərə deyil, müfəssəl resenziyalara rast düşürsən.

Əbdürrəhim bəy Haqverdiyev təpədən-dırnağa milli təfəkkürlü bir insandı, amma uzun müddət Vətəndən kənarda ömür sürməsi, cavan yaşında 8 ildən artıq bir müddətdə peterburqlu olması, aldığı təhsil ona başqa müsbət vərdişləri də aşılamışdı, tədricən varlığında Şərqlə Qərbi qovuşduran yeni tip, təzə zamana uyğun ziyalıya çevrilmişdi, digər tərəfdən, onda daxilən münsif olaraq özümüzünkülərlə o mühitdəkiləri tutuşdurmaq, bunca istedadlı xalq ikən onların təzə əsrin hökmüylə etdiklərindən daha artığına nail ola biləcəyimizə inam yaratmışdı. Oradakı mədəni tərəqqini görmüşdü və bu təəssübkeş ziyalı öz xalqının da nəyə qadir olduğundan yetərincə agah idi. İstəyirdi ki, bizi dindirən əsrin tələblərinə heç olmazsa mədəniyyət, ədəbiyyat sahəsində "seyrə balonlarda çıxan" əcnəbilərlə ayaqlaşmaq, bizim xalqın da digər xalqlardan geri qalmayan, bir çox məqamlardasa irəli gedən istedadı, o sıradan musiqi sahəsindəki misilsiz qabiliyyəti hər kəsə görünsün.

Və bu barədə daimi düşüncələrə dalmasının da təsdiqi odur ki, Əbdürrəhim bəy Bakıdakı ilk Şərq konsertinə artıq Şuşada olarkən hazırlığa başlamış, bir növ, gələcək Bakı konsertinin məşqini etmişdi. O ifaçıların əksəri ki 1902-ci ilin yanvarında Bakıda Tağıyev teatrının səhnəsindəki birinci Şərq konsertində oxuyurdu, onlar elə Şuşadakı konsertdə də çıxış etmişdilər.

Şuşada, Xandəmirov teatrında Əbdürrəhim bəyin təşkil etdiyi konsert az sonra 1902-ci ilin yanvarında Bakıda veriləcək birinci Şərq konsertinə tədarükgörmə idi və bütün baxış bucaqlarından yanaşırkən əmin olursan ki, Haqverdiyev bu konserti heç vəchlə sadəcə konsert hesab etməyib, milli bir vəzifə kimi boynuna götürüb.

Əbdürrəhim bəy Bakıdakı ilk Şərq konsertinə yalnız ayrı-ayrı ifaçılarla işləmək, repertuar tərtib etməklə hazırlaşmırdı, o, auditoriya barədə də düşünmüşdü. Bakı küçələrində afişalar yapışdırılmışdı, "Kaspi" qəzeti də ilk Şərq konsertinin hansı gündə, hansı saatda baş tutacağını xəbər vermişdi. Afişalarda kimlərin oxuyacağı, nələri oxuyacağı yazılmışdı və ən əvvəl İçəri şəhərin camaatı, Bakının azərbaycanlı sakinləri o konserti səbirsizliklə gözləyirdi və çox arzulayırdılar ki, Tağıyev teatrında həmin gündə onlar da məşhur sənətkarları dost-tanışları ilə birgə dinləyib feyziyab ola bilsinlər. Ancaq Əbdürrəhim bəy Haqverdiyev başqa bir məsələ haqqında da düşünürdü. O istəyirdi ki, bu konsertə tamaşa edənlər yalnız azərbaycanlılar olmasın, Bakı şəhərinin qeyri millətlərdən olan sakinləri, tanınmış, nüfuzlu, həm də hal əhli şəxslər də o gün tamaşaçılar sırasında yer alsın. Hacı Zeynalabdin Tağıyevdən, Musa Nağıyevdən, Həsən bəy Zərdabidən, o çağın digər tanınmış insanlarından rica etmişdi ki, hər kəs öz dostuna, tanışına desin ki, bu konsertə gəlsinlər, baxsınlar. Çünki bu bir ilk olacaq Şərq konserti ilə Əbdürrəhim bəy Haqverdiyevin hədəfi yalnız tamaşaçıların zövq alması deyildi. O həm də düşüncələri silkələmək, şüurlara bu həqiqəti aşılamaq niyyətində idi ki, bu şəhərdə əsl və əsas söz sahibi məhz Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisidir. Beləliklə, bu konsertin mahiyyətində milli-siyasi məqsəd nəbz kimi çırpınmaqda idi.

Bu sualı vermək bəlkə də artıqdır ki, Əbdürrəhim bəy Haqverdiyev kim idi? Azərbaycan xalqı onu milli dramaturgiyanın qurucularından biri, Azərbaycan teatrının tarixində misilsiz xidmətləri olan mədəniyyət xadimi və ədib kimi tanıyır. Onun qələmindən çıxmış bədii əsərlər yaşayır və gələcək boyu da köhnəlməz qalacaq. Ancaq Əbdürrəhim bəyin parlaq bir yazıçı kimi fəaliyyətlərindən daha artıq qiymətə malik olan onun millət quruculuğu sahəsindəki çalışmalarıdır. Əslində, çoxqanadlı fəaliyyətlər sahibi Əbdürrəhim bəy Haqverdiyevin elə yazıçılığı, dramaturqluğu, elm və təhsil sahəsindəki işləri də onun millət quruculuğuna köklənmiş çalışmalarında vasitələr idi.

1891-ci ildə Peterburqa mühəndislik təhsili almaq istəyi ilə yollanmışdı. Orada əvvəlcə Dağ Mühəndisləri İnstitutuna daxil olmaq istəmişdisə də, bu cəhdi alınmamışdı. Ancaq Vətənə qayıtmamışdı, Peterburqda qalmaq, növbəti cəhd etmək qərarına gəlmiş, Yol Mühəndisləri İnstitutuna daxil olmuşdu, üstəlik, azad dinləyici qismində Şərqşünaslıq fakültəsində də dərs almışdı.

Özünün də ömrün həmin illəri ilə bağlı xatirələri var, Əbdürrəhim bəyi yaxından tanımışların onun həyatının Peterburq illəri ilə bağlı yaddaşları da qalır. Bütün yazılanların göstərdiyi mənzərə budur ki, Əbdürrəhim bəy Peterburqun coşqun mədəni həyatı ilə qaynayıb-qarışıbmış, bu təmaslar onun içərisini doldururmuş və gördükləri arasında mütərəqqi nə varsa, hamısını nə şəkildəsə Azərbaycana gətirmək həvəsində imiş.

Azərbaycan teatrının XIX əsrin sonları, XX əsrin əvvəllərindəki böyük yüksəlişlərinin təməlində dayananlardan birincisi, yəqin, elə Əbdürrəhim bəy Haqverdiyevdir.

Peterburqda hər üzünə yaxşı məktəb keçdikdən və "dünya gördükdən" sonra Şuşaya gəlmişdi. Düzdür, Peterburqda təhsil aldığı, işlədiyi dönəmdə də Azərbaycandan ayrı deyildi - buralarla mütəmadi yazışmalarından, mətbuatın yaratdığı körpüdən savayı, hər yay onun özünün də mütləq Qarabağa gəlməsi vardı. Şuşada hər gəlişində də hökmən günləri adilikdən çıxaran, sədası sonra xeyli müddət yatmayan nələrsə edirdi. 1897-ci ildə Şuşaya növbəti yay tətilinə gəlmişdi, söz-söhbəti sonralar uzun zaman kəsilməyəcək bir konsert təşkil etmişdi və əslində gələcək Azərbaycan operasının təməli də elə orada qoyulmuşdu. Cıdır düzündəki həmin konsertdə Cabbar Qaryağdıoğlu Məcnun qiyafəsində çevrə vurub tamaşa edən camaatın qarşısına çıxmış, "Leyli və Məcnun" haqqındakı xalq dastanından parçanı ifa etmiş, Leyli həsrəti ilə aylarla bir qamışlıq kənarında gözləyə-gözləyə qalmasının, heyvanların onunla üns bağlamasının əlaməti olaraq da başına quş yuvası qoymuşdu.

Peterburqda Əbdürrəhim bəy opera tamaşalarına baxmışdı və valeh olduğu bu sənət növünün də Azərbaycanda bərqərar olmasını arzulamışdı. Cabbar Qaryağdıoğlunu 1897-ci ildə Şuşada Məcnun qiyafəsində göründüyü o günün əslində sabahkı Azərbaycan operasının təkan nöqtəsi olmasını təsdiq edən elə 1907-ci ildə "Leyli və Məcnun"u - ilk Azərbaycan operasını yazan Üzeyir bəyin özüdür. Onillər sonra xatırlayırdı ki, 1897-ci ildə 13-14 yaşlarındaykən Şuşada Cabbar Qaryağdıoğlunun ifasında Məcnunu görmüşdüm və düşünmüşdüm, böyüyəndə elə bir əsər yazım ki, orada iştirak edənlər həm də oxusunlar.

Və 1902-ci ilin yanvarında Bakıdakı Şərq konsertini düzəldərkən bu konserti sadəcə bir konsert deyil, məhz millət quruculuğu yolunda növbəti addım kimi nəzərdə tutmasının daha bir təsdiqi ondan ibarətdir ki, Əbdürrəhim bəy Şuşadakı tamaşadan da bir qədər irəli gedərək gələcək operanı da başqa şəkildə həmin konsertə gətirmişdi.

Bu sözləri unudulmaz maestro Niyazinin dilindən eşitmişəm - atası Zülfüqar bəy Hacıbəylinin sözlərini mənə çatdırırdı. Zülfüqar bəylə Əbdürrəhim bəy yaxın dostlar idilər və o, Qarabağda Əbdürrəhim bəyə 1890-cı illərin sonlarında verilmiş təxəllüsü yada salırmış - Əbdürrəhim bəyi "Şəbihgərdan" çağırırmışlar. Şəbih tamaşalarını Qarabağda da, Azərbaycan boyu da, bütün Şərqdə də hamı görmüşdü və onun xüsusiyyətlərinə hər kəs bələd idi. Əbdürrəhim bəy şəbih göstərmirdi, amma Şuşada təşkil etdiyi teatr tamaşalarına ayrı bir hüsn verir, müəyyən tamaşalarda şəbihin insanlara yaxın olan təsirli elementlərindən istifadə edirdi.

Və böyük ölçüdə elə bunlar da operaya doğru aparan yol idi.

Əbdürrəhim bəy Bakıya 1901-ci ildə gəldi. Yeni əsr başlanırdı. Ancaq bu, sadəcə təqvim məsələsi, illər dəyişimi deyildi. Bütün göstəriciləri və hadisələriylə yeni zaman başlanırdı. Əbdürrəhim bəy öz xalqını, yurdunu bu yeni zamana hazırlayanlardan, təzə vaxta kökləyənlərdən idi.

Bakıya köçdükdən sonra bir ara məktəbdə müəllimliyə başlamışdı, amma dərsini deyə-deyə burada ilk müsəlman teatr truppasını da yaratmışdı. Milli teatrımızın yaşı artıq 30-a yaxınlaşsa da, Əbdürrəhim bəyə qədər belə təşəbbüslə irəli çıxan olmamışdı.

Peterburqda yol mühəndisi ixtisası qazansa da, Əbdürrəhim bəy Haqverdiyev yol mühəndisliyi etmədi və tale ona yol mühəndisliyinin büsbütün yeni bir tərzini - millətin mənəvi tərəqqi yolunun mühəndisi olmaq vəzifəsini həvalə etdi.

Yeni il başlanmışdı və Əbdürrəhim bəy sadəcə konsertə deyil, zəfərə hazırlaşırdı. 1902-ci ilin yanvarında Əbdürrəhim bəyin Tağıyev teatrı səhnəsində təşkil etdiyi konsert sadəcə ayrı-ayrı musiqi parçalarının sıralanmasından ibarət konsert yox, bəyanat idi - Azərbaycan musiqisinin, Azərbaycan milli düşüncəsinin, Azərbaycan mədəniyyətinin "Mən varam!", "Bu şəhərin sahibi mənəm!", "Bu şəhərdə söz yiyəsi mənəm!" məramının hamının görüb eşidəcəyi ucalıqda və açıqlıqda elanı idi.

Konsert məzmunca yetərincə əlvan idi. Yalnız tarçının, kamançaçının, xanəndənin çalıb-oxuduğundan ibarət olsaydı, bu konsertin toy-düyündən nə təfavütü olardı ki!

Bu konsertdə Əbdürrəhim bəyin Peterburqda tez-tez gördüyü və məftun qaldığı xor da vardı. Əbdürrəhim bəyəcən Azərbaycanda xor olmamışdı. Beləliklə, həmin axşamda xoru da Azərbaycan incəsənətinə ilk gətirən Əbdürrəhim bəy Haqverdiyev oldu. Aşıqlarımız dədə-babadan həmişə olmuşdu, elin məclislərini bəzəmişdi. Lakin Əbdürrəhim bəy burada da yenilikçilik etdi. Ogünədək aşıqlarımız səhnədə görünməmişdi. Əbdürrəhim bəy o konsertdə aşıqların ənənəvi çalıb-oxumalarını səhnəyə gətirməyi az sayaraq bu ilk gəlişi bir az da təmtəraqlı etdi - aşıqların ifasında kiçik bir tamaşa da göstərdi - Azərbaycan toyu aşıqların ifasında bütün izdihamı ilə səhnədə idi.

Bakıdakı ilk Şərq konserti haqqında o vaxt təəssüratlar lap təzəykən isti-isti bir neçə məqalə yazılıb. Ancaq bu konsertin tarixi və milli mənası o qədər dərin və genişdir ki, onun haqqında gərək daim yazıla da, danışıla da. Bu konsert siqləti və fəlsəfəsi ilə fədakar vətənsevər Əbdürrəhim bəy Haqverdiyevin öz millətinə etdiyi ən böyük hədiyyələrdən və yaxşılıqlardan biri idi.

XX yüzilin başlanğıcında elə həmin 1902-ci ilin əvvəllərində İçəri şəhərdən dışarıya böyüyən Bakının bir müsəlman, türk, azərbaycanlı şəhəri olmaqdan daha çox beynəlmiləl (qəsdən daha yuvarlaq və səslənişi az ağrıdan bu kəlməni işlədirəm. Milli tərkibin Bakıda o vaxt da, sonrakı onillərdə də hansı səmtə yönəldildiyini insanlarımız unutmayıb) şəhər olmasının aynası dövrün mətbuatıdır. O ildə Bakıda Azərbaycan dilində çıxan bircə qəzet də yox idi. Rusca nəşr edilənlərsə bir yox, bir neçə idi. Onların arasında Bakıda da, imperiyanın müxtəlif yerlərində də ən çox tanınanı və oxunulanı "Kaspi" idi. Bu qəzetin hansı sayını götürsən, şəhər həyatındakı yeniliklərlə bağlı təfərrüatları tapırsan. Bu Şərq konsertinin bir müsbət dalğası elə mətbuata da təsirini göstərdi. Bir neçə il sovuşunca, 1904-1906-cı illərdən asta-asta mətbuatda dirçəliş başlanacaq, anadilli nəşrlərin sayı xeyli artacaq. Amma XX əsrin lap əvvəli idi, ortada olan aparıcı qəzet şəhərın həyatını ovuc içərisindəki kimi nişan verən təkcə "Kaspi" idi və 1902-ci ilin yanvarında baş vermiş o konsertə, əlbəttə ki, biganə qala bilməzdi.

"Kaspi"də bir neçə gün öncədən dərc edilmiş elanlar Tağıyev teatrında 1902-ci il yanvar ayının 11-də, axşam saat 8-də başlanacaq Şərq konsertinin sorağını çatdırırdı. Xatirələrin və "Kaspi" qəzetinin şahidliyi inandırır ki, o axşam iynə atsan, düşəcək yer olmayıb - Tağıyev teatrı ağzınacan doluymuş. Camaat arasında konsertə maraq hədsizmiş. Konsert ayın 11-də idi, "Kaspi" qəzetinin növbəti sayı isə ayın 12-sində çıxmalı idi. Axşam saat 8-də başlanan konsert bir neçə saat çəkmiş, gecə saatlarında tamamlanmışdı. Ertəsigünkü, yəni ayın 12-sində oxucuyla görüşəcək "Kaspi"də konsert haqda hesabatın dərc edilə bilməsindən ötrü məqaləni yazacaq müxbir gecə saat 2 radələrində özünü redaksiyaya çatdırmalı, əvvəlcə məqaləni yazmalı, sonra mürəttib mətni yığmalı, ardınca mühərrir yığılanı təshih etməli, ardınca da mətn qəzetin səhifəsində yerləşdirilməli idi. Bununçün aşağısı 3-4 saat vaxt gərəkdi. Bu minvalla qəzet heç vəchlə çap edilərək sabaha çatdırıla bilməzdi. Ancaq "Kaspi"də ilk Şərq konserti haqqında məqaləni oxuyanda hiss edirsən ki, onun sabahkı nömrədə deyil, qəzetin bir sonrakı sayında dərc olunması qərarına gəlinsə də, yazı təxirə salınmadan elə həmin gecə birnəfəsə qələmə alınıb. Altında örtülü imza qoyulub: "T.M.". Yazı, sən deyən, böyük deyil, ancaq mühüm tarixi sənəd olan həmin kiçik məqalənin içərisindəki soraqların hər biri ciddi tarixi əhəmiyyət daşıyır.

Məqalə artıq "Kaspi"nin növbəti həftəki ilk sayında, yanvarın 16-sında, adətən şəhərin teatr, musiqi həyatında baş verən yenilikləri əks etdirən "Teatr və musiqi" bölməsində dərc edilmişdi. Maraq üçün "Kaspi" qəzetinin 1902-ci ilin yanvarından o taya olan saylarını vərəqləyirəm: 1899, 1897, 1896, 1895, 1894...

Gözüm həmin rubrikanı gəzir və baxıram ki, yazıların yüzdədoxsanından çoxu Azərbaycan dilində olmayan tamaşalar, hansısa yerli rusdilli müğənnilərin, yaxud dəvət olunmuş xarici musiqiçilərin konsertləri haqdadır. Azərbaycanlı aktyorların verdiyi tamaşalar haqqında ildə bir-iki xırda yazı sayrışıb keçirsə də, milli musiqinin səsləndəyi hansısa konsertdən yerli-dibli əsər-əlamət yoxdur.

Və "Kaspi" qəzetində 1902-ci il yanvarın 16-sında dərc edilmiş ilk Şərq konserti haqqındakı məqalə əslində dilindən asılı olmayaraq bütün Azərbaycan mətbuatında milli musiqimizin səhnəyə təntənəsi ilə gəlişi haqqındakı əvvəlinci məqalə hesab olunmalıdır.

Əbdürrəhim bəy Haqverdiyevin o konsertə dinlənilib keçilən həmişəki konsertlərdən biri kimi yanaşmamasını kənardan baxanın da anlaması "Kaspi"dəki məqalədə də duyulmaqdadır.

Zahirən qəzetdəki məqalə olmuşları təsvir edir - hansı musiqi əsərləri çalınıb, kimlər oxuyub, tamaşaçılar ifaları necə qarşılayıb. Ancaq bu sadalamanın özü də çox şey deyir. Oçağacan "milli musiqi" söylənərkən görülən nə idi? El şənliklərində, toy-düyündə xanəndələr əllərində qaval, yanlarında tarçı, kamançaçı, muğam oxuyur, arada təsniflər səslənir, rənglər çalınır - vəssalam, bununla bitdi. Yaxud el-elat saz çalıb-oxuyan, dastan nağıl edən aşıqları dinləmişdi. Ancaq Əbdürrəhim bəy Azərbaycana müasirliyi, yeni günün havasını gətirmək yolunda çalışırdı və bu, elə konsert başlanınca aşkarca hiss edilir.

Bakıdakı ilk Şərq konserti "Arazbarı" ilə başlanır. Tanış olmağına "Arazbarı" da hər kəsə tanış, çoxdanın doğması idi. O axşamacan min dəfələrlə eşidilmişdi. Amma Əbdürrəhim bəy o axşam "Arazbarı"ya təzə libas geyindirmişdi.

Qəzet yazır ki, səhnəyə 12 nəfərdən ibarət orkestr çıxdı və bu tərkibdə müxtəlif alətlər vardı: saz da var, tar da var, ney də, qaval da var, tütək də... Birinci dəfə idi ki, Azərbaycan səhnəsinə milli orkestr çıxırdı.

Deməli, 1902-ci ilin yanvarında Əbdürrəhim bəy Haqverdiyev Azərbaycana həm də ilk dəfə orkestr anlayışını, milli orkestr düşüncəsini gətirib.

O axşamın başqa hansı gözlənilməzlikləri, adamı diksindirən başqa hansı yenilikləri vardı?

Orkestr "Arazbarı"nı çalıb bitirincə səhnəyə uşaqlar gəlir: xorla oxumağa başlayırlar. Ogünəcən bizdə "xor" anlayışı da yoxdu. Avropada nə qədər desən! Əbdürrəhim bəy Peterburqda ikən dəfələrlə məmnunluqla müxtəlif xor əsərlərini dinləmişdi - kişi xoru, qadın xoru, qarışıq xorlar, uşaq xorları. İndi bu dar macalda onun hansısa qarışıq xor, hətta alababat bir kişi xoru düzəltmək imkanı yox idi. İmkanı uşaqlara çatmışdı və istəmişdi ki, bu yolla millətimiz xorun da dadına baxsın, xor anlayışı da cəmiyyətimizə gəlsin.

Uşaqlardan ibarət xor səhnəyə çıxır və başlayır oxumağa. "Kaspi"nin məqaləsi   uşaqların hələ təcrübəsiz olduğunu, özlərini itirdiyini, yalnız mahnının ortasına çatanda tempi tuta bildiyini yazır. Yüngülvari tənqid etsə də, təqdiri də unutmur, diqqətə çatdırır ki, bu, bizim milli səhnəmizdə xorun ilk görsənişidir.

Bu konsert başdan-axıracan Əbdürrəhim bəy Haqverdiyevin geniş strateji düşüncəsinin, milləti özünə tanıdaraq ona nəyə qadir olduğunu əyan etmək səylərinin, konserti izləyən, çoxusunu özünün dəvət etdiyi azərbaycanlı olmayanlara "baxın, bizim xalqın belə istedadı, belə imkanları var, bu xalq şərqli ola-ola həm də qərblidir, həm də avropalı kimi düşünə, hərəkət edə, yaratdığı milli əsərləri də qərblilər sayaq ortaya çıxarmaq gücündədir" dəlili-sübutu ilə nümayiş etdirmək qeyrətinin təzahürüdür.

"Kaspi" rusdilli qəzet idi, üz tutduğu da azərbaycanlılardan çox bu dildə yazıb-pozan, oxuyan başqa xalqların nümayəndələri. Amma istər bu məqaləni, istərsə həmin silsilədən olan digər yazılarını mütaliə edərkən sezirsən ki, heç birində müəlliflər sadəcə olanın şəklini çəkmir, mahiyyətə vararaq milli məqamlara müəyyən canıyananlıqla yanaşırlar. Bir daha rəhmət oxuyaraq Hacı Zeynalabdin Tağıyevi anıram. "Kaspi" bu cür olmaya bilərdi. Bu qəzetin sahibi də, redaktorları da qeyri millətlər olmuşdu. Ancaq uzaqgörən Tağıyev 1880-1890-cı illərdə kifayət qədər populyarlıq qazanmış "Kaspi"ni alır və redaktorluğunu da Əlimərdan bəy Topçubaşova tapşırır. O məntiqlə ki, hələ sözümüzü deyən azərbaycandilli qəzetimiz yoxsa da, heç olmazsa, bu rusdilli qəzet özümüzünkü olsun, onun vasitəsilə mətləblərimizi ifadə etmək girəvəsi qazanaq. Əlimərdan bəy Topçubaşov işıqlı, geniş dünyagörüşlü insan idi, imperiya ərazisində yaxşı tanınan kamil hüquqşünas,  siyasi xadimdi və Hacı Zeynalabdinin redaktor olaraq məhz onu seçməsi də bəsirətliliyinin daha bir təsdiqi idi. Bu müdrik kişi iti fəhmiylə duyurdu ki, Əlimərdan bəy "Kaspi"dədirsə, qəzetdə Azərbaycan ağırlığı mütləq artacaq. Ehtimallarının tam haqlılığının sübutu elə qəzetdəki yazılardır. Əlimərdan bəy Topçubaşov gələndən sonra "Kaspi" qəzetinin çöhrəsi dəyişir, daha çox azərbaycanlılaşır. Bizdəki millətləşmənin mötəbər salnamələrindən biri kimi "Kaspi"də həmin təmayülün izlənilməsi ayrıca bir araşdırma umur.

Və 1902-ci il yanvar ayının 16-sında "Kaspi"də ilk Şərq konserti haqqında dərc edilən məqalə o silsilədən idi. "Kaspi"nin o sayı bugünün insanlarına əlçatan deyil. Arxivlərdə qalan nüsxələrin ardınca hərdən inadkar alimlər düşür. Amma belə yazılarda millətin tarixi və taleyi ilə bağlı elə incəliklər var ki, gərək onları hamı oxuya, bilə. Ona görə də hamıya yaxınlaşsın deyə ilk Şərq konserti haqqındakı "Kaspi" məqaləsini ruscadan çevirərək gen-bol iqtibaslar edirəm: "Cümə günü, yanvarın 11-də Hacı Zeynalabdin Tağıyev teatrında Bakıda ilk Şərq konserti verildi. Şərq musiqi alətlərində çalğını nisbətən kiçik məkanlarda və adətən dar çərçivədə dinləməyə alışmış tamaşaçılardan çoxu hələ konsertdən xeyli əvvəl gileylənirdi ki, teatr binasında bu alətlərdən xoş təəssürat gözləmək çətindir. Amma konsertdə Şərq orkestrinin ifa etdiyi elə birinci nömrə - "Arazbarı"nın necə böyük müvəffəqiyyətlə qarşılanması o cür fikirləri dəyişməli idi. Orkestrdə bizlərdə məşhur olan bütün musiqi alətlərində çalan 12 nəfər iştirak edirdi. Orkestr heç bir dirijor olmadan (fikir verin, hər cümlədə "orkestr" sözü vurğulanır. İlk dəfədir ki, təkrar yox, təkrir edirəm - Azərbaycan musiqiçiləri birliyinə "orkestr" kəlməsi tətbiq edilir - R.H.) yetərincə uzun olan musiqi əsərini təqti pozmadan elə həmahəng və səhvsiz ifa etdi ki, ahəngdar səslənişlə çoxsaylı tamaşaçıları həyəcana gətirməyi bacardı. Musiqi alətlərinin müxtəlif təbiətli olmasına baxmayaraq, dinləyicilər orkestrdə sazın, zərif tarın, ruhu oxşayan neyin və dəfin gurultulu səslərini aydınca ayırd edə bilirdilər. Bir sözlə, "Arazbarı"nın həm texniki, həm akustik baxımdan gözəl ifası çox uğurlu alındı və musiqi bilicilərini inandırdı ki, Şərq musiqi alətləri orkestr üçün nəzərdə tutulan musiqi pyeslərinin ifasından ötrü münasib şəkildə istifadə edilə bilər".

Bu, vacib tarixi məqamdır. Bu da Əbdürrəhim bəyin qeyri-azərbaycanlı münsiflərə daha bir ismarışıdır ki, milli musiqi alətlərindən ibarət belə orkestrlə istənilən Qərb əsərini də ifa etmək mümkündür.

Daha sonra səhnədə xanəndələr görünür: əvvəlcə Cabbar Qaryağdıoğlu. "Kaspi" qəzeti onun həmin axşam "Mahur" oxuduğunu yazır. Cabbarı bu ilk Şərq konsertinədək, birinci dəfə Tağıyev teatrının səhnəsində oxuyanacan azərbaycanlılar çox eşitmişdi. Doğrudur, hələ Cabbar Qaryağdıoğlunun valları çıxmamışdı, "Ekstrafon", "Sport-rekord", "Pate qardaşlarının firması"nın və digər səsyazma şirkətlərinin Qafqaza gəlməsi, buradan xanəndələri apararaq səslərini vala yazması, yayması, onları daha da şöhrətləndirəcəyi bir neçə il sonra baş verəcək hadisədir. Ondan sonra əslində Cabbar Qaryağdıoğlu da, Keçəçioğlu da, Şəkili Ələsgər də, İslam Abdullayev də... hər qrammofonlu evdə olacaq. Bununla belə, elə 1902-ci ilin həmin yanvar axşamında da Cabbar artıq Abşeronda da, Qarabağ və Şirvanda da sevilirdi, ustad kimi qəbul edilmişdi.

Görünür, Cabbar o gün bir az soyuqlayıbmış. Üstüörtülü, elə xəfif işarələrlə "Kaspi" müxbiri bu mətləbi çatdırır ki, o gün Cabbarın səhhəti yerində deyilmiş, ona görə də yüksək zəngulələri ürəyi istəyən kimi vura bilmədi. Qoyduğu "əmma"ya baxmayaraq, "Kaspi" hər halda Cabbar Qaryağdıoğlunun ilk Şərq konsertindəki "Mahur" oxumağını yüksək dəyərləndirir və etiraf edir ki, tamaşaçılar xanəndəni sürəklə alqışladılar.

Qəzetdən dəqiq xəbərçi olmaz. Bu şahid olmasaydı, həmin günü belə yerli-yataqlı görə bilərdikmi? O axşam Cabbarın ardınca səhnəyə Ələsgər Abdullayev gəlir, şaqraq avazı ilə "Çahargah" ifa edir. "Kaspi"nin yazmasınca, çox gözəl də oxuyur. Növbə Seyidə çatır. Həmin çağlarda Azərbaycanın iki məşhur xanəndə Seyidi vardı: Seyid Şuşinski və Mirtağı Mirbabayev. Ona görə də Mirbabayev adətən camaat arasında "Bakılı Seyid" kimi tanınırdı.

"Kaspi" Mirbabayevin "füsunkar "Bayatı-İsfahan" muğamını məharətlə oxudu"ğuna şahidlik edir. Ancaq o gün camaatın daha çox gözlədiyi Keçəçioğlu Məhəmməd imiş. Səbirsizliklə bunun intizarında imişlər ki, Cabbardan, Ələsgərdən, Seyiddən sonra Keçəçioğlu Məhəmməd hansı hünəri göstərəcək?

Keçəçioğlu Məhəmməd hələ oxumamışdan, səhnəyə gəlişindən başlanan alqış sədaları altında "Şüştər" başlayır.

Və "Kaspi" qəzeti o unudulmaz gecənin bu anını da dirildir ki, Keçəçioğlu Məhəmməd zərif səsi ilə "Şüştər" muğamını insanları vəcdə gətirən bir tərzdə ifa etdi.

...1902-ci ilin 11 yanvarı təəccüb və təəssüf axşamı idi. Ora yalnız bakılılar gəlməmişdi. Azərbaycanın müxtəlif şəhərlərindən də o konsertin sorağı ilə Tağıyev teatrına təşrif gətirənlər az deyildi. Azərbaycanın oçağkı zənginləri, aparıcı ziyalılarının çoxu Tağıyev teatrındaydı. Tağıyevin özü də burada idi.

O yanvar günü o səbəbdən təəccüb gecəsiydi ki, hər yeni səslənən musiqi insanları ehtizaza gətirir, valeh edirdi. Təəssüf gecəsiydi ona görə ki, həmin konserti seyr edən zənginləri, ora toplaşmış ziyalıları qınayırdı, gizlicə məzəmmət edirdi ki,  bu xalqın musiqisini, mədəniyyətini, mənəvi gözəlliklərini daha geniş üfüqlərə qaldırmaq, daha da yüksəltmək üçün bundan da artıq addımlar atmağa ehtiyac var.

...O axşam konsertə toplaşanlar iki xoru dinləyəsi oldular. Əvvəlcə uşaqlar, sonra da hər biri ayrı-ayrılıqda muğamlarını oxuyandan sonra dörd xanəndə. Əbdürrəhim bəyin təklifi ilə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev, Seyid Mirbabayev xorla bir mahnı oxumuşdular. Bir neçə il sonra Əbdürrəhim bəyin xeyir-duası ilə birinci dəfə Şərq konsertində xorla oxunmuş "Gülə-gülə" mahnısı vala da yazılacaq və beləcə, ilk xorlarımızdan biri tarixə həm də canlı səs olaraq həkk ediləcək.

"Kaspi" qəzeti uşaq xorunun oaxşamkı ifasına tələbkarlıqla yanaşırdı: "Uşaq xoru, sən deyən, yaxşı alınmadı. Özlərini, yəqin ki, təcrübəsizlikdən elə itirmişdilər ki, yalnız mahnının ortasında əsl xor səslənişini tuta bildilər".

Bu, ilk addım idi, başlanğıcda bir az həyəcandan, bir qədər təcrübəsizlikdən bundan da betər yanlışların olması gözlənilən idi. Ancaq Əbdürrəhim bəy Haqverdiyev əsas məqsədinə çatmışdı. Azərbaycan səhnəsində ilk dəfə xoru göstərmişdi. Xanəndələrin birgə oxusu iləsə xorun musiqimizə, səhnəmizə gəlişinə möhür vurmuşdu.

2 aprel 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
525.az

1Mənbələr