AZ

Pavel Durov: WhatsApp şifrələmə ilə bağlı milyardlarla insanı aldadır...

Telegram-ın qurucusu bildirib ki, WhatsApp-ın şifrələmə ilə bağlı iddiaları milyardlarla istifadəçini yanıldır və platforma mesajları oxuyaraq üçüncü tərəflərlə paylaşır...

Poliqon xəbər verir ki, bu barədə Telegram-ın qurucusu Pavel Durov X sosial şəbəkəsində paylaşım edib.

Telegram-ın qurucusu Pavel Durov WhatsApp messencerini kəskin şəkildə tənqid edərək, onun şifrələmə sistemi ilə bağlı açıqlamalarını ciddi şübhə altına alıb. Durovun sözlərinə görə, WhatsApp-ın təhlükəsizlik və məxfiliklə bağlı verdiyi vədlər istifadəçiləri yanıltmaq xarakteri daşıya bilər.

Durov bildirib ki, “WhatsApp-ın şifrələməsi istehlakçı tarixinin ən böyük aldatmacası ola bilər” və bu yanaşmanın milyardlarla istifadəçini yanlış məlumatlandırdığını vurğulayıb. Durov iddia edib ki, platforma açıqlamalarının əksinə olaraq mesajları oxuyur və həmin məlumatları üçüncü tərəflərlə bölüşür.

Telegram rəhbəri eyni zamanda öz platformasının bu cür praktikalardan istifadə etmədiyini xüsusi qeyd edib. Onun sözlərinə görə, Telegram indiyədək istifadəçi mesajlarını oxumayıb və gələcəkdə də bunu etməyəcək.

Durovun bu açıqlaması texnologiya şirkətləri arasında rəqabətin daha da sərtləşdiyi bir dövrdə səslənib. Xüsusilə istifadəçi məlumatlarının qorunması, şəxsi yazışmaların təhlükəsizliyi və rəqəmsal məxfilik məsələlərinin gündəmdə olduğu bir vaxtda belə bəyanatlar böyük rezonans doğurur.

Qeyd edək ki, son illərdə messencer platformaları arasında əsas rəqabət istiqamətlərindən biri məhz şifrələmə, məlumatların qorunması və istifadəçi etimadı məsələləri olub. Pavel Durovun WhatsApp-a yönəltdiyi ittihamlar da bu müzakirələri yenidən aktuallaşdırıb.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr