AZ

Yunanıstan Ukraynaya “Mirage” qırıcıları verməkdən imtina edib

BAKI, 10 aprel. TELEQRAF

Yunanıstan Ukraynaya məxsus hərbi dəstək çərçivəsində “Mirage 2000-5” qırıcılarını təhvil verməkdən imtina edib.

Teleqraf xəbər verir ki, Afina Fransa tərəfindən daha sərfəli şərtlərlə “Rafale” qırıcılarının təklif olunmasına baxmayaraq, bu razılaşmanı qəbul etməyib. Bu barədə Yunanıstanın "Skai" telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, Fransa faktiki olaraq Ukraynaya silah sistemlərinin təqdim olunması sahəsində ABŞ-ni əvəz etməyə başlayıb.

“Kathimerini” qəzeti isə yazır ki, Paris Yunanıstana təzyiqləri artıraraq “Mirage 2000-5” qırıcılarının Ukraynaya verilməsinə nail olmağa çalışır. Lakin Afina siyasi, maliyyə və regional təhlükəsizlik risklərini nəzərə alaraq tərəddüdünü davam etdirir.

Bildirilir ki, Yunanıstan artıq Ukraynaya hava hücumundan müdafiə vasitələri, o cümlədən “Crotale” raketləri və digər sursatlar təqdim edib, lakin döyüş təyyarələrinin verilməsinə razılıq verməyib.

Fransa tərəfi müqaviməti aradan qaldırmaq üçün əlavə stimullar, o cümlədən daha sərfəli qiymətlərlə əlavə “Rafale” qırıcılarının tədarükünü təklif edib. Buna baxmayaraq, Afina hər hansı təyyarə transferinin kompensasiya tələb etdiyini vurğulayır.

Nəşr qeyd edir ki, Yunanıstanın bu qərarı əsasən daxili və xarici siyasi amillərlə bağlıdır. Ölkə eyni zamanda maliyyə öhdəliklərini və regional təhlükəsizlik prioritetlərini də nəzərə alır.

Seçilən
46
teleqraf.com

1Mənbələr