AZ

Robert Dobrovodski: İki ölkənin qazandığı təcrübə faydalı əməkdaşlıq üçün geniş imkanlar açacaq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyin mövcud olduğunu, münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edən Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verərək, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.

Robert Dobrovodski ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də münasibətlərin inkişafının vacibliyini nəzərə çatdırıb. Eyni zamanda, ombudsman hər iki ölkənin insan hüquqlarının qorunması sahəsində qazandığı təcrübənin qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açacağını vurğulayıb.

Sonra tərəflər arasında gələcək əlaqələrin perspektivləri, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub, hüquqi məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsi Aparatının və Ombudsman Aparatının məsul əməkdaşları da iştirak ediblər.

Sonra qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
azertag.az

5Mənbələr