AZ

Boşanmaq niyə asanlaşıb? - Deputatlar DANIŞDI

Müasir dövrdə ailə institutu cəmiyyətin ən vacib dayaqlarından biri olsa da, son illərdə onun zəifləməsi ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə boşanma hallarının çoxalması ailədaxili münasibətlərin dəyişdiyini göstərir. Bu prosesdə həm qadınların, həm də kişilərin rolu, məsuliyyəti və qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir.

Bəs ailə institutunu məhv edən boşanmalarda qadın və kişinin rolu necə qiymətləndirilməlidir və bu institutun yenidən gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirdi ki, ailə institutu cəmiyyətin dayağıdır:

"Ailə institutunun sarsılması bütövlükdə sosial münasibətlər sisteminə təsir edir. Son illər boşanma hallarının artması sosial dəyişikliklərin, ailədaxili münasibətlərdə yaranan problemlərin nəticəsidir. Ailə qarşılıqlı məsuliyyət, anlayış və sayğı üzərində qurulmalıdır. Bu baxımdan qadının və kişinin rolu əhəmiyyətlidir. Bəzən xarakter uyğunsuzluqları, məcburiyyət ailə münasibətlərində çatlara səbəb olur".

Millət vəkili əlavə etdi ki, müasir dövrdə ailə anlayışına yanaşma fərqlidir:

"Sosial şəbəkələrin təsiri, fərdi azadlıqların yanlış anlaşılması, ailə daxilində səbr və kompromisin minimuma enməsi boşanmaya təsir edən amillərdəndir. Ailə institutunun gücləndirilməsi üçün ilk növbədə maarifləndirmə işi gücləndirilməlidir. Gənclər ailə qurmağa hazırlaşarkən emosiyalarla deyil, məsuliyyət hissi ilə hərəkət etməlidir".

Onun sözlərinə görə, məktəblərdə və ali təhsil müəssisələrində ailə dəyərləri ilə bağlı maarifləndirici proqramların təşkili olduqca vacibdir:

"Eyni zamanda, ailədaxili problemlərin erkən mərhələdə həlli üçün psixoloji dəstək mexanizmləri gücləndirilməlidir. Ailə məsləhət xidmətlərinin genişləndirilməsi, mediator institutunun daha aktiv tətbiqi boşanmaların qarşısının alınmasında mühüm rol oynaya bilər.

Dövlətimiz üçün ailə institutunun qorunması hər zaman prioritet olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət ailələrin rifahının yüksəldilməsinə, qadın və uşaq hüquqlarının qorunmasına yönəlib. Sözügedən siyasətin əsas məqsədi sağlam ailə modelinin formalaşdırılmasıdır. Biz ailəni iki insanın birgəyaşayışı kimi deyil, cəmiyyətin gələcəyini formalaşdıran əsas institut kimi dəyərləndirməliyik. Güclü ailə güclü dövlət deməkdir. Məhz buna görə hər bir vətəndaş bu dəyərin qorunmasına məsuliyyətlə yanaşmalıdır".

Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, boşanmalarda qadın və kişinin rolu əslində bərabərləşmiş vəziyyətdədir:

Fazil

"Təkcə bir tərəfin rolunun daha qabarıq olduğunu söyləmək olmur. Hər ikisinin də müəyyən dərəcədə günahı ucbatından ailələrin dağılması baş verir. Ona görə də burada yalnız kişiləri ayırmaq doğru deyil. Elə burada müəyyən bir pay da qadınların üzərinə düşür və bu daha ürəkağrıdandır ki, bəzən nə qadın güzəştə gedə bilir, nə kişi. Nəticədə bütün bunlar bu qədər böyük bir acınacaqlı durumun yaranmasına gətirib çıxarır. Çox üzücüdür, boşanmaların sayı artmaqdadır. Hər halda bu istiqamətdə cəmiyyətimizdə müzakirələr getməli, təbliğat aparılmalıdır ki, bu problemin müəyyən dərəcədə həlli mümkün olsun".

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov isə məsələyə münasibətində bildirdi ki, ailə institutu romantik illüziyalar üzərində yox, məsuliyyət, psixoloji yetkinlik və qarşılıqlı hörmət üzərində qurulmalıdır.

"Evlilik sadəcə hisslərin deyil, öhdəliklərin hüquqi təsdiqidir. Bu reallığı dərk etmədən qurulan ailələr dağılmağa məhkumdur.
Boşanma zamanı tərəflərin davranışı onların xarakterinin ən açıq göstəricisidir. Qadının uşağı alətə çevirərək kişini təhdid etməsi, kişinin isə məsuliyyətdən yayınması qəbuledilməzdir. Uşaq heç bir halda tərəflərin şəxsi münaqişəsinin silahına çevrilməməlidir. Valideyn olan insanlar anlamalıdır ki, bu seçim onların şəxsi həyatından daha böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk etməyən şəxslərin valideyn olması özü ciddi problemdir".

Daha

Onun sözlərinə görə, boşanma özü faciə deyil, faciə boşandıqdan sonra nümayiş etdirilən səviyyəsiz münasibətlərdir:

"Manipulyasiya, psixoloji təzyiq və qarşı tərəfə nifrət isə ortada olan uşağın psixikasını zədələyir və onun gələcəyini məhv edir. Azərbaycanda uşağın avtomatik olaraq anaya verilməsi bəzən yanlış nəticələr doğurur. Ana olmaq təkcə bioloji fakt deyil, psixoloji yetkinlik tələb edən bir roldur. Bu yetkinlik yoxdursa, uşağın taleyi risk altındadır".

Psixoloq əlavə etdi ki, aidiyyəti qurumlar yalnız fiziki zorakılığa reaksiya verməklə kifayətlənməməlidir:

"Psixoloji zorakılıq daha səssiz, amma daha dağıdıcıdır və bu sahədə sistemli nəzarət mexanizmləri yaradılmalıdır. Hadisə baş verdikdən sonra cəza vermək gecdir. Əsas məqsəd qarşısını almaq olmalıdır. Uşaq travması bir dəfə yaranır, amma təsiri ömür boyu davam edir. Uşaq olmayan boşanmalarda problemlərin az olması bir həqiqəti açıq göstərir. Problem tərəflərin bir-biri ilə deyil, məsuliyyət anlayışı ilədir. Uşaq varsa və tərəflər onu vasitəyə çevirirsə, bu artıq fərdi problem deyil, sosial təhlükədir. Belə hallarda daha sərt və prinsipial müdaxilə mexanizmləri tətbiq olunmalıdır".

Psixoterapevtin fikrincə, ailə institutunu gücləndirmək üçün ən vacib addım evlilikdən əvvəl atılmalıdır.

"Cütlüklər psixoloji uyğunluqlarını yoxlamalı, qərarlarını emosiyalarla yox, şüurlu şəkildə verməlidirlər. “Sevgi hər şeyi həll edər” düşüncəsi sadəlövh yanaşmadır və əksər hallarda faciə ilə nəticələnir. Sevgi problemləri həll etmir, sadəcə onları bir müddət gizlədir. Qınaq, təzyiq və sosial stereotiplər əsasında qurulan ailə başlanğıcdan səhvdir. Belə ailələr ya səssiz şəkildə dağılır, ya da zərərli mühitdə davam edərək həm tərəfləri, həm də uşaqları məhv edir. Ailə qurmaq qərarı emosional impuls yox, ciddi həyat strategiyası olmalıdır. Bunu anlamayan insanlar yalnız öz həyatlarını deyil, gələcək nəsli də riskə atırlar", - deyə Rövşən Nəcəfov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc olunub.

2
Seçilən
38
1
redaktor.az

2Mənbələr