ain.az, Redaktor.az saytına istinadən bildirir.
"Donald Trampın NATO ilə bağlı niyyətləri hələ ki, real icra mexanizminə malik deyil. Bildiyim qədərilə, ABŞ-nin alyansdan çıxması həm Konqres, həm də Senatın razılığını tələb edən mürəkkəb hüquqi prosedurdur. Hazırda Tramp qanunverici orqanda müəyyən təsirə malik olsa da, gələcək seçkilərdə güc nisbətinin dəyişməsi ehtimalı bu planların reallaşmasını çətinləşdirir. Buna görə də ABŞ-nin yaxın zamanda NATO-dan ayrılması inandırıcı görünmür".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi.
"NATO-nun Baş katibi Mark Rutte ilə Tramp arasındakı normal şəxsi münasibətlər tərəflər arasında müəyyən uzlaşma imkanları yaratsa da, strateji baxımdan Avropa və Amerikanın bir-birindən ayrılaraq fərqli güc mərkəzlərinə çevrilməsi yalnız çoxqütblü dünya nizamında mümkün ola bilər", - o qeyd etdi.

Siyasi şərhçinin sözlərinə görə, Trampın indiki kəskin açıqlamaları daha çox emosional xarakter daşıyır:
"Bu, xüsusilə Hörmüz boğazı məsələsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməməsindən qaynaqlanır. Avroatlantika blokunda ideoloji fikir ayrılığının və tərəflərin fərqli arqumentlərinin mövcudluğuna baxmayaraq, NATO-nun dağılması və ya ABŞ-nin qurumdan çıxışı yaxın gələcəyin deyil, yalnız uzaq perspektivin mövzusu ola bilər".
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.