AZ

TƏCİLİ: Bu ölkədən Rusiyaya AĞIR ZƏRBƏ – MDB TƏHLÜKƏDƏDİR

Moldovanın MDB-dən çıxmaq qərarı regionda davam edən geosiyasi transformasiyalar fonunda diqqət mərkəzinə çevrilib. Aprelin 2-də qəbul olunan bu qərar rəsmi Kişinyovun xarici siyasət kursunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qərbin təsir dairəsinə inteqrasiyanı prioritet seçən Moldova hakimiyyətinin bu addımı hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elşən Manafov bildirib ki, Moldova parlamentinin MDB-dən çıxmaq barədə qəbul etdiyi qanun, ilk növbədə, Mariya Sandu hökumətinin Avropa Birliyinə inteqrasiya istiqamətində apardığı geosiyasi kursa dəstək xarakteri daşıyır.

Elşən

“Bu addım eyni zamanda Rusiyanın və MDB-nin Şərqi Avropa məkanında təsir imkanlarının məhdudlaşdırılmasına hesablanıb. Belə bir mövqe Moldovanın Qazaxıstan, Belarus və digər MDB üzv ölkələri ilə ticarət münasibətlərinin həcminə də təsirsiz ötüşməyəcək. Bununla belə, rəsmi Kişinyovun bəzi MDB ölkələri ilə ikitərəfli əlaqələri qorumağa və inkişaf etdirməyə çalışacağı istisna edilmir”.

Ekspert vurğulayıb ki, Sandu hakimiyyəti fəaliyyətinin ilk günlərindən etibarən Rusiya ilə münasibətlərin məhdudlaşdırılması kursunu seçib.

“Nəticədə Moldovanın ixracında Rusiyanın payı 2022-ci ildəki 17 faizdən 2025-ci ildə 3,2 faizə qədər azalıb. Bununla belə, Rusiya hələ də Moldovanın enerji təminatında, xüsusilə qaz sektorunda əsas tərəfdaş olaraq qalır. İdxal olunan qazın mühüm hissəsinin isə Dnestryanı region üçün istifadə edildiyi qeyd olunur. Eyni zamanda, Moldovada kənd təsərrüfatı sektoru, xüsusilə şərab istehsalçıları üçün Rusiya bazarı hələ də mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən kənd təsərrüfatı ilə məşğul olan əhali arasında Rusiya yönümlü siyasi qüvvələrə, kommunistlər və sosialistlərə dəstəyin qalmaqda davam etdiyi bildirilir”.

Politoloqun fikrincə, Moldovanın MDB-dən çıxmaq qərarı ölkədə Qərb təsirini, xüsusilə Rumıniya faktorunu daha da gücləndirəcək.

“Bu isə uzunmüddətli perspektivdə ölkədaxili siyasi və etnik balansın pozulması riskini artırır. Belə ki, Qaqauz Yeri əhalisinin narazılığı, eləcə də Dnestryanı bölgə ilə bağlı həssaslıq fonunda separat meyillərin güclənə biləcəyi istisna edilmir.
Bundan əlavə, Rumıniyanın Moldovanın birləşdirilməsi ilə bağlı mövqeyi regiondakı proseslərdə katalizator rolunu oynayaraq milli münasibətlər müstəvisində gərginliyi artırır. Bu isə öz növbəsində Rusiya yönümlü müxalif qüvvələrin revanş cəhdlərini gücləndirə bilər”.

Beləliklə, Moldovanın MDB-dən çıxmaq qərarı yalnız xarici siyasət kursunun dəyişməsi deyil, həm də ölkədaxili siyasi, iqtisadi və etnik balans baxımından ciddi nəticələr vəd edən strateji addım kimi dəyərləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
20
1
konkret.az

2Mənbələr