AZ

İsrail Livana ən ağır hücumunu etməklə danışıqlar prosesini sabotaj etdi AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrailin Livana hücumlarının ardı-arası kəsilmir. Təkcə ötən gün Beyruta hücum zamanı yüzlərlə dinc sakin həlak olub, 1100-dən çox insan yaralanıb.

Qeyd edək ki, İsrail ABŞ-İran arasındakı iki həftəlik atəşkəs razılaşmasının Livana aidiyyəti olmadığını bəyan edib.

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, əslində İranın irəli sürdüyü şərtlərə Livanda fəaliyyət göstərən Hizbullah başda olmaqla İrana bağlı bütün proksilər daxildir.

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın impulsiv xarakterindən qaynaqlanan İranın yer üzündən silinəcəyi ilə bağlı isterik açıqlaması ABŞ hökumətini ciddi təzyiq altına saldı:

“Bu açıqlamadan sonra xüsusilə ona qarşı “25-ci düzəliş”in tətbiq edilməsi ilə bağlı konqresmenlər tərəfindən tələblər səsləndirildi. Buna görə də hesab edirəm ki, ABŞ tərəfinin istəyi ilə Pakistan Baş naziri Şahbaz Şərif İrana iki həftəlik vaxt verilməsi ilə bağlı atəşkəs çağırışı etdi. Şahbaz Şərifin bu çağırışı ilk növbədə Tramp hökumətini basqı altından xilas etdi. İranla-ABŞ arasında diplomatik kanalların hər zaman açıq saxlanılması ehtimalı yüksəkdir və bundan ən çox narahat olan tərəf İsrail hökumətidir”.

Əli Zülfüqaroğlu diqqətə çatdırdı ki, İsraildə Benyamin Netanyahu hökuməti Livana ən ağır hücumunu etməklə danışıqlar prosesini dərhal sabotaj etdi:

“Görünən odur ki, ABŞ atəşkəsin İrana bağlı olan bütün qüvvələri əhatə etməsinə razılaşıb, amma İsrailin təzyiqi və danışıqlar prosesini zərbə altına salma potensialından çəkinərək sonradan fərqli açıqlamalar verildi. Bu, eyni zamanda ABŞ hökuməti daxilində ciddi fikir ayrılıqlarının olduğunu və dərin çatların meydana gəldiyini göstərir. ABŞ Prezidentinin son açıqlamasında isə bildirilir ki, Hörmüz boğazının açılması və nüvə proqramı ilə bağlı razılığa gəlinib. Halbuki nüvə proqramı ilə bağlı müharibədən öncə də razılığa gəlinməsi üçün real zəmin var idi. Hörmüz problemi isə müharibənin nəticəsi olaraq ortaya çıxdı. Əsas və prinsipial xarakterli məsələlər razılaşdırılmayıb. Xüsusilə proksilər, zənginləşdirilmiş uranın İrandan çıxarılması və ballistik raketlərlə bağlı məsələlər. Düşünürəm ki, İran bunun heç birini qəbul etməyəcək. Bu isə danışıqlar prosesi ilə bağlı qeyri-müəyyən vəziyyət yaradır və bölgə üçün ciddi risklər formalaşdırır”.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
redaktor.az

2Mənbələr