AZ

Faiq Qarayev: “Üç dörd ilə voleybolumuzda ciddi irəliləyiş gözləyirik” MÜSAHİBƏ FOTO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şahin Çatmanı Türkiyədə işlədiyim vaxtdan tanıyıram, orada aşağı yaş qruplarına nəzarət edirdi”.

Bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev report.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Bir neçə gün öncə başa çatan 18 yaşadək voleybolçular arasında ölkə çempionatının yekunlarını necə dəyərləndirirsiniz? Bu yarış gələcək üçün nə vəd edir?

– Ən xoş hal odur ki, bu yarışda çox sayda komanda iştirak etdi. Mən artıq 26 nəfərlik bir siyahı hazırlamışam. Bildiyiniz kimi, gənc komandaların Avropa çempionatı var. Klublar aprelin 20-də fasiləyə çıxırlar. Biz indi elə bir proqram hazırlayırıq ki, seçilmiş voleybolçular üç-dörd ay ərzində həm ikinci komandada iştirak etsinlər, həm də məşq prosesindən kənarda qalmasınlar. Seçilmişlər arasında həm Bakıdan, həm də regionlardan olan qızlar var. Məsələn, vaxtilə Aynur Kərimova Hacıqabuldan, Natəvan Qasımova Naxçıvandan gəlib. Bəzən deyirlər ki, “oyunçu yoxdur”, amma yarışlarda çox komanda iştirak edəndə, ən azı 10-15 nəfər seçmək mümkün olur. Ən sevindirici hal odur ki, biz artıq həmin oyunçuları tapmışıq. Federasiya bu yarışları həm Bakıda, həm də regionlarda keçirdi və 100-dən çox komanda iştirak etdi. Növbəti ildən reqlamentə dəyişiklik edərək meydançada iki azərbaycanlı oyunçunun olmasını istəyirik. Superliqada 8-9 klub olarsa, bu, 18 yerli qızın daim oynaması deməkdir. Bu, böyük nailiyyətdir. Federasiya olaraq bu məsələlərə üstünlük veririk. Dörd illik proqram çərçivəsində 17 yaşlı qızlar 20-21 yaşına çatanda, klublarda da yaxşı iş görülsə, ciddi irəliləyiş olacaq. Ən əsası odur ki, 188-190 sm boyunda qızlar tapmışıq. Məşqçilərlə iclas keçirib onlara azərbaycanlı qızlarla daha çox işləmək tapşırığını vermişik. Hazır legioner gətirmək, klubları yaratmaq asandır, amma yığmanı formalaşdırmaq çətindir. Bizim strateji nöqtəmiz milli komandanı yüksək səviyyəyə qaldırmaqdır. İnanıram ki, üç-dörd ilə bunun bəhrəsini görəcəyik.

– Region klublarının çempionatdakı çıxışını necə qiymətləndirirsiniz?

– Çox yaxşıdır. Məsələn, dünən "Turan" və "Gəncə" komandaları arasında çox maraqlı oyun keçirildi. Regionlarda klubların sayı artsa, inkişaf daha sürətli olar. Qadın idmanı ilə bağlı regionlarda bir az çətinlik olsa da, böyük irəliləyiş var. Məsələn, "Turan" çempion olub Çempionlar Liqasına və ya Avropa kuboklarına gedə bilər. Ən xoş məqam isə Tovuzda zalın tam dolmasıdır. İnsanlar voleybolu sevirlər. Bizim idman növümüz elədir ki, ucaboylu qızlar lazımdır. Azərbaycanda isə belə oyunçular tapmaq bir az çətin olsa da, işləyirik. Sakitləşmək, ümidsizliyə qapılmaq deyil, axtarmaq və tapmaq lazımdır. Sevindirici məqam odur ki, artıq milli komandanın ikinci heyəti formalaşıb.

– Müqaviləsinin müddəti başa çatan Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirildi. Onun rəhbərliyi dövründə paytaxt və regionlarda voleybolun inkişafı ilə bağlı hansı əsas hədəflərə nail olundu?

– Şahin Çatmanı Türkiyədə işlədiyim vaxtdan tanıyıram, orada aşağı yaş qruplarına nəzarət edirdi. Vəzifəni də ona mən vermişdim. Çalışqan insandır. Onun regionlarla əlaqədar çox böyük köməyi oldu, federasiya tərəfindən qarşısına qoyulan məqsədə əsasən regionları gəzdi və qızları tapdı. Düzdür, hazırda yüksək nəticə olmasa da, artıq "material" tapmışıq.

- Türkiyəli mütəxəssisin gedişindən sonra yeniyetmə və gənc qızlardan ibarət milli komandaların "sükanı arxasına" yerli, yoxsa yenidən əcnəbi baş məşqçinin gətirilməsi planlaşdırılır?

- Yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyam. Artıq namizədlər də var. Bu gün həm kişilərdə, həm də qadınlarda azərbaycanlı məşqçilər yetişir. Xaricdən yüksək səviyyəli mütəxəssis gələcəksə, gəlsin, xeyri var. Amma o, voleybolu dərindən bilməli, bacarıqlı olmalı və gənclərə yer verməlidir. Böyük ehtimalla yerli mütəxəssislərə üstünlük verəcəyik.

- Gənclər və yeniyetmələrlə bağlı növbəti mövsümdən hansı yeniliklər nəzərdə tutulub?

- Ən gözəl layihə meydanda ən azı iki azərbaycanlı voleybolçunun olmasıdır. Bu gün qadınlar arasında çempionatda 9 komanda var. İki azərbaycanlı daim meydanda olsa, bu, 18 nəfər edir. Bu da o deməkdir ki, yığma üzvlərinin sayı artır. Həmçinin çalışmalıyıq ki, saydan əlavə, həm də nəticə verə bilsinlər. Bölgələrdə layihələrimiz davam edəcək. 10, 11, 12 yaşlı qızlar seçilməlidir. Voleybola 8-9 yaşında başlanılır.

– Növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında komandaların sayının artırılması gözlənilirmi?

– Bu, sponsordan asılıdır. Hazırda maraq artıb. Mövsüm bitsin, bu barədə söhbət olacaq. Sponsorlar tapılarsa, regionlarda klubların sayı artacaq. Məsələn, Naxçıvanda artıq bu barədə söhbət gedir, yəqin ki, Naxçıvan komandası çempionata qatılacaq. Gəncə, Naxçıvan, Tovuz, Sumqayıt kimi dörd-beş regionda klub olsa, çox yaxşı olar.

– Hazırkı çempionatın səviyyəsi sizi qane edir?

– Həm kişilərin, həm də qadınların çempionatı maraqlı keçir. Aprelin 18-19-da final görüşləri baş tutacaq. Azarkeş kütləsi də çoxdur. Xatırlayırsınızsa, əvvəllər heç zala girmək olmurdu. Keçmişlə yaşamaq olmaz, gələcəyə baxmalıyıq. Keçmişdə olanlar artıq xatirədir. 40 ildən çoxdur bu sahədəyəm və arzum odur ki, Azərbaycanda voleybol həmişə inkişaf etsin. Ölkədə voleybol həqiqətən sevilir, azarkeş kütləsi də çoxdur.

- Ölkə çempionatında gedişat gözlədiyiniz kimi oldu, yoxsa sürprizlərlə qarşılaşdınız?

- Yarımfinallarda sürprizlər olmadı. İlk yarımfinal görüşlərində “Turan” “Gəncə”yə, “DH Volley” “Milli Aviasiya Akademiyası”na qalib gəldi. Kişilərdə isə “Ordu” “Neftçi”ni, “Xilasedici” “Murov Az Terminal”ı məğlub etdi. Cavab oyunlarının və final görüşlərinin çox maraqlı olacağını düşünürəm.

– Milli komanda ilə bağlı planlar necədir?

– Apreldə yığmanı tam formalaşdıracağıq. Zədəli oyunçularımız var, bəziləri ailə qurub, ana olub – bunlar hamısı prosesdir. Komandanı gücləndirmək üçün əlimizdən gələni edirik. Avqustda Avropa çempionatının bir qrupunun oyunları Bakıda keçiriləcək. Çalışacağıq ki, xaricdə olan oyunçularımızı qaytarıb heyəti gücləndirək. Komandanı düzgün formalaşdırmaq və əlimizdəki oyunçulardan lazımi şəkildə istifadə etməliyik.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
icma.az

2Mənbələr