Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aparılan tədqiqatlar nəticəsində Qasım bəy Zakirin yaradıcılığı ilə bağlı bəzi elmi faktlar əldə edilib.
Bu barədə hafta.az-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı indiyədək nəşr olunmuş əsərlərdə yol verilmiş qüsurlar aradan qaldırılıb, arxiv və əlyazma materiallarının təhlili nəticəsində şairin müxtəlif janrlarda yazdığı 29 yeni şeir onun külliyyatına daxil edilib:
“Bununla yanaşı, 1964-cü il nəşrində “Əlavələr” bölməsində şübhəli hesab edilən “Hacı Böyük bəyə” adlı müxəmməsin Qasım bəy Zakirə məxsus olduğu tutarlı elmi faktlarla sübuta yetirilib.
Tədqiqat zamanı müəlliflik məsələlərinə də yenidən baxılıb. Belə ki, “Ölümü” rədifli müxəmməs, eləcə də “Üstünə”, “Gəlmədi” və “Oldu” rədifli qoşmaların Zakirə deyil, şəkili şair Molla Qasım Zakirə aid olduğu müəyyənləşdirilib və bu nümunələr Qasım bəy Zakirin əsərləri sırasından çıxarılıb.
Əldə olunan nəticələr əsasında nəşr edilən “Qasım bəy Zakir. Əsərləri” kitabı şairin irsinin tam və elmi cəhətdən dəqiqləşdirilmiş külliyyatı kimi qiymətləndirilir”.