ABŞ və İran arasında elan olunan atəşkəs qlobal enerji bazarlarında ilkin mərhələdə nikbin gözləntilər yaratsa da, bu əhval-ruhiyyə qısa müddətdə dəyişməyə başlayıb. Neft qiymətlərində əvvəlcə eniş müşahidə olunsa da, sonradan yenidən artım qeydə alınıb və bu da bazar iştirakçılarının vəziyyəti daha real qiymətləndirməyə keçdiyini göstərir. Xüsusilə, Hörmüz boğazının taleyi və regionda davam edən qeyri-müəyyənlik qiymətlərin gələcək istiqaməti ilə bağlı sualları artırır.
Bəs, atəşkəsdən sonra enerji bazarında bizi hansı ssenari gözləyir?
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şaban KONKRET.az-a açıqlamasında bildirib ki, bazarda dünəndən müşahidə olunan emosional reaksiyalar artıq zəifləməyə başlayıb:

“Brent markalı neftin qiyməti 98,52 dollara qədər yüksəlib. Xatırladım ki, dünən neft 91 dollara qədər ucuzlaşmışdı. Bu isə onunla bağlı idi ki, bazar iştirakçılarının əksəriyyəti həm atəşkəsə, həm də Hörmüz boğazının açılacağına inanırdı. İndi isə baş verənlər daha real qiymətləndirilir və belə qənaətə gəlinir ki, Ağ Evdən səsləndirilən pozitiv bəyanatlar özünü tam doğrultmur”.
Ekspertin sözlərinə görə, hazırda neft bazarının diqqəti yaxın günlərdə keçiriləcək mühüm danışıqlara yönəlib.
“Aprelin 10-da hazırlıq görüşlərinin, əsas danışıqların isə aprelin 11-də İslamabadda keçirilməsi gözlənilir. Bu görüşlərin nəticələri bazarın növbəti istiqamətini müəyyən edə bilər. Biz neftin ya 110 dollara doğru irəliləməsini, ya da 90 dollardan aşağı düşməsini görə bilərik”.
Beləliklə, atəşkəsə baxmayaraq, enerji bazarında sabitlik hələ ki təmin olunmayıb. Yaxın günlərdə keçiriləcək diplomatik təmaslar və onların nəticələri qlobal neft qiymətlərinin gələcək trayektoriyasını müəyyən edəcək əsas faktor kimi çıxış edir.
Aynurə İsmayıl
KONKRET.az