AZ

Şərəfli ömür, ölməz qəhrəmanlıq Milli Qəhrəman Samid İmanov

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Samid əsl xüsusi təyinatlı zabit idi. O, işi barədə heç nə danışmazdı. Nə üzbəüz söhbətlərdə, nə də telefonla danışarkən ona bununla bağlı sual verə bilməzdim. “Hərbi sirri danışmaq olmaz”,- deyirdi. Hətta rütbəsi, vəzifəsi artanda belə bunu kimsəyə bildirməz, bununla öyünməzdi. Çox təvazökar idi və belə halları soyuqqanlılıqla qarşılayırdı. Xoş hadisələrdən daha çox zabit paqonundakı dəyişiklikdən, ya da hansısa dostunun zəng edib onu təbrik etməsindən sonra xəbər tutardıq.

Bunu AZƏRTAC-a açıqlamasında Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun həyat yoldaşı Badam İmanova deyib. B.İmanovanın sözlərinə görə, həyat yoldaşı kənardan çox soyuqqanlı və sakit görünsə də, evdə mülayim, gülərüz və zarafatcıl insan idi: “Samid ailəcanlı, yardımsevər, dostlarına və silahdaşlarına dəyər verən bir insan idi. O, məni və onu tanıyan hər kəs üçün böyük şəxsiyyət idi. Bir zabit kimi onun həyatı peşəsi ilə vəhdət təşkil edirdi. Özündə məsuliyyət, mərdlik, səxavət, igidlik və vətənpərvərlik kimi yüksək insani keyfiyyətləri cəmləmişdi. Həm peşəkar zabit, həm övladlarına qayğıkeş ata, həm valideynlərinə hörmətli övlad, həm də nümunəvi ailə başçısı idi.

Uşaqlarını çox sevərdi. Qızımız Fidan üçün “gələcəkdə mənim üzümə qapı açanım var” deyərdi. Oğlumuz Turan isə Aprel döyüşlərindən cəmi iki ay əvvəl dünyaya gəlmişdi. Son aylarda evə çox gec gəlirdi, işləri həddindən artıq çox idi. Buna görə də oğlumuzla doyunca vaxt keçirə bilmədi. Heç birlikdə şəkil çəkdirmək belə qismət olmadı. Əslində, bizim bir-birimizə ayıracaq vaxtımız çox az idi. Onu tez-tez görə bilmirdim. Sən demə, məni onu əbədiyyətə qədər görə bilməyəcəyim bir vida gözləyirmiş...”

Milli Qərəmanın həyat yoldaşı sözünə davam edir: “Sonuncu dəfə 2016-cı il martın 29-u səhər onu yola saldım. Hər ayın yarısını təlimlərdə keçirərdi. Hərbi əməliyyatlara gedəndə də “təlimdəyəm” deyirdi. O gün də evdən bu adla çıxdı. Samidin bir adəti var idi: həmişə pilləkənin sonuna çatanda geri dönüb hərbi salam verərdi. Amma sonuncu dəfə bu ənənəsinə əməl etmədi. Çox fikirli idi, sanki onu nələrin gözlədiyini hiss edirdi. Çox sakit və susqun idi. Mən də susdum, o da...Yola düşəndə mənə zəng edib dedi ki, biz çıxdıq, mən Bakıda olmayacağam, zəngim çatmaya bilər, narahat olma. Bu vəziyyətə öyrəşmişdim. Günlərlə ondan zəng gözlədiyim çox olub. O zəng etməsə, mən ona zəng edə bilməzdim. Sonuncu dəfə səsini martın 31-də eşitdim. Yenə də zəngini gözləyirdim. Zəng gəldi, amma ondan olmadı. Aldığım xəbər isə məni ömürlük onun səsinə həsrət qoydu...”

Samid aprelin 3-dən 4-nə keçən gecə gedən şiddətli döyüşlərdə çiynindən və ayağından qəlpə yarası alıb. Silahdaşları onu döyüş meydanından çıxarmaq istəsələr də, o, buna qəti etiraz edib. Onun əvəzinə yaralı gizirin təxliyə olunmasını əmr edib. Özü isə əsir düşməmək üçün əlində qumbara saxlayıb. Sonradan döyüş meydanına qayıdan hərbçilərimiz onu yerində tapmayıblar. Samid mövqeyini dəyişərək düşmən əlinə keçməmək üçün daha uyğun yer seçib və elə həmin yerdə qan itkisindən şəhid olub.

B.İmanova qeyd edib ki, Samid kimi bacarıqlı və savadlı zabitlər dövlət və millət üçün çox dəyərli idi: “O, Vətənə sədaqəti, sevgisi və fədakarlığı ilə əsl qəhrəmanlıq nümunəsi idi. Həmişə deyirdi ki, insan bu dünyaya bir dəfə gəlir, bir dəfə də gedir, gedərkən də şərəflə getmək lazımdır. Bu sözlər onun həyatını və mübarizəsini ən gözəl şəkildə ifadə edir. Aprel döyüşləri uzun illər gözlədiyimiz qələbənin yolunu açdı. Samid və onun kimi igidlərin sayəsində bu gün suveren, ərazi bütövlüyü bərpa olunmuş bir dövlətin vətəndaşlarıyıq”.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanov 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1988-ci ildə Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə təhsilə başlayıb. Orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2003-cü ildə oranı fərqlənmə ilə bitirib. Buna görə Ulu Öndər Heydər Əliyev tərəfindən mükafatlandırılıb.

2004-cü ildən etibarən zabit kimi xidmətə başlayan Samid İmanov Xüsusi Təyinatlı Qüvvələrdə müxtəlif vəzifələrdə uğurla çalışıb. Türkiyə, Pakistan, İsveç və Rumıniyada keçirilən kurs və təlimlərdə iştirak edərək peşəkarlığını artırıb. Komandir kimi tabeliyindəki şəxsi heyətin yüksək döyüş hazırlığına malik olması üçün xüsusi səylə çalışıb. 2014-cü ilin avqustunda cəbhə xəttində baş verən təxribatın qarşısının alınmasında fəal iştirak edib, rəhbərlik etdiyi qrup düşmənin arxasına keçərək ona ciddi zərbələr endirib. 2016-cı ilin Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmasına baxmayaraq geri çəkilməyib, döyüş yoldaşlarının həyatını xilas etməyi üstün tutub və qəhrəmancasına şəhid olub. Onun nəşi aprelin 8-də döyüş meydanından götürülüb, aprelin 9-da Neftçala şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə mayor Samid İmanov Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi xüsusi xidmətlərə və şəxsi igidliyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Müxbir – Göyçək Mahmudlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
azertag.az

1Mənbələr