AZ

Aydın Xan Əbilov: ““Uşaq pulu” tələb edirik və pulu bahalı telefonlara, əyləncələrə xərcləyirik”

Küveytdə 30 yaşınadək ailə qurmayan qadınlara aylıq müavinət veriləcək. Müavinət daha çox gəliri olmayan və valideynini itirmiş xanımlara yönəldilərək aylıq 560 Küveyt dinarı (təxminən 3075 manat) təyin edilib. Bu qərar qadınların həyat keyfiyyətini artırmaq və sosial təminatı gücləndirmək məqsədilə qəbul olunub.

 
Azərbaycanda da belə bir qərarın qəbulunun mümkünlüyü müzakirə edilir.
 
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, Azərbaycan hökuməti son illər sosial məsələlərə xüsusi diqqət yetirir və əhalinin həm sosial rifahı, həm sağlamlığı, həm də yaşam tərzinin daha da yaxşılaşdırılması ilə bağlı müxtəlif layihələr həyata keçirir.
 
O bildirib ki, layihələrin bir hissəsi birbaşa bölgələrə və paytaxt Bakıya aiddir, ikinci hissəsi Qarabağa “Böyük Qayıdış”la bağlıdır: “İstənilən halda zamanın elə tələbləri var ki, hökumət, dövlət, Milli Məclis də büdcə qəbul edilən zaman buna xüsusi diqqət ayırmalıdır. Bunlardan biri də ailə və evlənmə, rəsmi nikah ilə bağlı yaranmış boşluqlar və problemlərdir. Təəssüflər olsun ki, Azərbaycanda hazırda subaylar və dullardan ibarət böyük qoşun yaranıb. Son 30 ildə boşanmaların sayının artması, nikahların saylarının azalması, əlil və xəstələrin statistik göstəricilərə görə çoxalması, əhalinin sağlamlığı ilə bağlı problemlər, müharibə şəraitində yaşamağımız, eyni zamanda müharibədən sonra pandemiya, qlobal iqtisadi böhran, işsizlik kimi məsələlər gənclər, subaylar arasında böyük maneələr yaradıb. Azərbaycan ailə modelində böhranları müşahidə edirik. 30-40 yaşlı şəxslərin evlənməməsi ilə üzləşən Azərbaycan cəmiyyəti, eyni zamanda evlənənlərin tezliklə boşanması, ailə münaqişələrinin kəskinləşməsi, tək uşaqlı ailələrin artması boşanmadan sonra baş verən məhkəmə və daşınmaz əmlakın bölünməsi, aliment problemləri əlbəttə gənclərin gözünü qorxudur”.
 
Kulturoloq vurğulayıb ki, həm Azərbaycan ailəsini, həm də subayları dəstəkləmək, evliliyi motivasiya etmək üçün Azərbaycanda xüsusi dövlət proqramına ehtiyac var və proqram kompleks şəkildə həll olunmalıdır: “Əslində bu və ya digər dərəcədə proqramın müəyyən hissələri həyata keçirilib. Sosial ipoteka, gənc ailələrə bu və ya digər formada kömək etmək, əlil uşaqları olan ailələrə müavinətin verilməsi boşanmalarla bağlı addımların atılması buna xidmət edir. Bütün dünyada robotlaşma gedir. Süni intellekt iş yerlərini əvəzləməyə başlayıb. Bu zaman böyük işçi qüvvəsinin işlərini itirməsi ilə bağlı təhlükələr yaranır. Bu təhlükələr də gənclər, subaylara ünvanlanır. Qanunvericiliyin müəyyən tələblərinə görə, beş ildən sonra əmək müqaviləsi artıq müddətsiz bağlanmalıdır. Eyni zamanda ailəsi, himayəsində uşaqları olan şəxslərin işdən kənarlaşdırılması da qadağan edilir. Amma subay bəylər əsgərə gedir, iş yerini itirir, gəldikdə isə artıq o iş yeri olmur və yaxud ali məktəbdə təhsil alır daha sonra iş tapa bilmir və s. Bütün bu problemlər ailə qurulmasına əngəllər törədir. Ona görə də yeni ailə quranlar və ya ailə qurmağa hazırlaşanlarla bağlı dövlətin xüsusi proqramı olmalıdır. Onlar xüsusi ailə ipoteka və kreditlərlə əhatə olunmalıdır. Faizsiz kredit və ipoteka imkanlarını yaratmaq lazımdır ki, ev alsınlar. Bu, gələcəkdə ailənin mənzil şəraitini problem olaraq boşanmaya aparıb çıxarmaması üçün çox önəmlidir. Az faizlə sosial ipotekanı bir qədər də sadələşdirmək lazımdır. Təsəvvür edin, bizim hər iki ipotekamız üçün müəyyən iş yerlərində işləməlisən, min manatdan çox məvacib almalısan və s. Subay adamlar bunu edə bilmirlər. Etsələr də, evlənib məsuliyyətin altına girmək istəmirlər. Evləndikdən sonra qadın hamilə olub bu müddətdə işləmir, uşağı dünyaya gətirəndən sonra onu saxlayır, yenə işləyə bilmir, verilən müavinətlərin miqdarı da azdır, subaylar istəmir ki, özünü “ailə odunun içinə atsın”. Qurulan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, iş yerlərində müəyyən güzəştlərin edilməsi və müəyyən iş yerlərinin ayrılması, həmçinin ailədə uşaq dünyaya gəlirsə, ailə paketinin ayrılması, bu paket, sadəcə, pul formasında deyil, həm də güzəştli dərmanlar, məişət vasitələri, uşaq yeməyi, paltarları, qidalanma ilə bağlı ərzağın güzəştli alınması və bir qisminin dövlət tərəfindən ödənilməsini özündə ehtiva etməlidir. Verilən pul ipotekanın ilkin kapitalı kimi istifadə edilə bilər. Yoxsa biz “uşaq pulu” tələb edirik və uşaq pulunu sonra bahalı telefonlara, əyləncələrə xərcləyirik. Bu baxımdan da işləyən və işsiz subayların müəyyən xərclərini dövlət üzərinə götürməlidir. Çünki bizdə artıq demoqrafik böhran başlayıb. Qocalma prosesi gedir, dünyaya uşaqların gəlməsi ləngiyir, kimsə birdən artıq uşaq dünyaya gətirmək istəmir. Dünyaya gələn uşaqların aqibəti də boşanan ailələrin psixoloji övladları formasında Azərbaycan cəmiyyətində görülməkdədir. Bu baxımdan da Azərbaycanda həm kişilərin, həm xanımların həyat keyfiyyətini artırması üçün müəyyən sosial təminat mexanizmini işləmək lazımdır. Yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı faizsiz kreditin verilməsi və onlardan, ümumiyyətlə, əlavə gəlir və digər vergilərin alınmaması və yaxud müəyyən müddətə “0” vergi ilə onların iş yerlərinin yaradılması və inkişafına təkan verən məsələlər, xüsusilə də xidmət sahələri, restoran, kənd təsərrüfatında işləyənlərə və s. aid olmalıdır. Bu baxımdan hökumət tərəfindən müəyyən addımlar atılmalıdır. Bu gün atılmayan addım sabah Azərbaycan cəmiyyəti və ailəsi üçün ciddi problemlərə çevrilə bilər. Hazırda da əhalinin 40 faizindən çoxu subay və dullardan ibarətdir. Biz bu gün demoqrafik problemin qarşısını almasaq, tədbirlər görməsək, real mexanizmləri işlək vəziyyətə gətirməsək Azərbaycan cəmiyyətində bir çox ölkələrdə olduğu kimi qocalma və demoqrafik partlayışa gətirib çıxara biləcək problemlər qarşısında aciz qalına bilər”.

Seçilən
27
2
yenilik.az

3Mənbələr