Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ermənistanla Rusiya arasında yüksək səviyyəli yeni görüşün 2026-cı ilin iyun ayının ikinci yarısında keçirilməsi planlaşdırılır.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, Moskvaya son səfəri çərçivəsində rəsmi danışıqlarla yanaşı, Rusiya prezidenti Vladimir Putin ilə işgüzar şam yeməyi də baş tutub. Paşinyan bildirib ki, görüş dostluq mühitində keçib.
“Qeyd etdiyim kimi, səfəri çox uğurlu hesab edirəm. Digərləri öz qiymətləndirmələrində sərbəstdirlər. Təkbətək görüşə gəlincə, biz artıq növbəti təmaslar və tədbirlər, o cümlədən iyun ayının ikinci yarısında yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”, – deyə baş nazir bildirib.
Paşinyan qeyd edib ki, görüş zamanı əvvəllər müxtəlif platformalarda açıq şəkildə toxunduğu məsələlər də müzakirə olunub.
“Hazırda Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir və mən bu prosesi müsbət qiymətləndirirəm. Biz dostluq dialoqu çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətindəyik”, – deyə o əlavə edib.
Baş nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə də toxunub və bildirib ki, bu məsələ ilə bağlı mövqeyini daha əvvəl açıqlayıb.
Onun sözlərinə görə, hər iki təşkilatla paralel siyasət yürütmək mümkün olduğu müddətdə Ermənistan bu kursu davam etdirəcək. Əgər uyğunsuzluq yaranarsa, qərar ölkə vətəndaşları ilə birlikdə veriləcək. “Bu mərhələ hələ çatmayıb, əlavə şərhə ehtiyac görmürəm”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, aprelin 1-də Moskvada Paşinyan və Putin arasında danışıqlar keçirilib. Görüş zamanı Putin bildirib ki, Moskva İrəvanda Aİ ilə münasibətlərə dair müzakirələri görür və buna sakit yanaşır. Bununla yanaşı, o açıq şəkildə qeyd edib ki, Ermənistanın eyni vaxtda həm Aİ, həm də Aİİ-də üzvlüyü mümkün deyil. Öz növbəsində Paşinyan vurğulayıb ki, İrəvan Aİİ üzvlüyünün Aİ ilə uyğun olmadığını anlayır, lakin proseslər hələ seçim mərhələsinə çatmayıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.