AZ

Məkan səhv seçiləndə...

Yazını böyüt
Yazını kiçilt

Qraffitinin tətbiq olunduğu məkanın düzgün seçilməməsi bu hərəkətin mübahisəli tərəfidir və bu, danılmazdır

Son günlər Bakının mədəni həyatının simvol məkanlarından biri olan Nizami Kino Mərkəzi gözlənilməz bir hadisə ilə diqqət mərkəzinə düşdü. Bu dəfə səbəb nə yeni film premyerası, nə də beynəlxalq tədbir idi. Söhbət divarlara yazılmış qraffiti yazılardan gedir. Bu hadisə cəmiyyətdə iki fərqli yanaşmanı üz-üzə gətirdi: bir tərəf bunu açıq vandalizm hesab edir, digər tərəf isə gənclərin özünüifadə cəhdi kimi görür. Məhz bu qarşıdurma Bakıda qraffiti məsələsini yenidən gündəmə gətirdi və daha dərin müzakirəyə ehtiyac olduğunu göstərdi.

Qraffiti əslində sadəcə yazı deyil. O, bir subkulturadır, bir ünsiyyət formasıdır, bəzən etirazdır, bəzən isə estetik yaradıcılıqdır. Bu anlayışın iki fərqli tərəfi var: biri sənət, digəri isə nəzarətsiz və qanunsuz müdaxilə. Problemin əsas mahiyyəti də məhz bu sərhədin harada çəkilməsindədir.

Dünyanın bir çox inkişaf etmiş şəhərlərində bu məsələ, artıq həllini tapmış kimi görünür. Məsələn, Berlin qraffiti mədəniyyətinin paytaxtı hesab olunur. Şəhərdə müəyyən divarlar rəssamlar üçün rəsmi şəkildə ayrılıb və bu ərazilər həm yerli, həm də xarici sənətçilərin sərbəst fəaliyyət göstərdiyi məkanlara çevrilib. Hətta bəzi qraffiti nümunələri artıq tarixi və mədəni dəyər kimi qorunur.

Eyni yanaşmanı London şəhərində də müşahidə etmək mümkündür. Burada “legal wall” anlayışı tətbiq olunur və müəyyən zonalarda qraffitiyə icazə verilir. Paris isə street-art festivalları və açıq hava qalereyaları ilə bu sahəni daha da inkişaf etdirib. Bu şəhərlərin təcrübəsi göstərir ki, qraffiti qadağan edilməklə yox, düzgün yönləndirilməklə daha faydalı nəticə verir.

Bakıda isə vəziyyət hələ ki, bu mərhələyə çatmayıb. Şəhərdə qraffiti üçün rəsmi şəkildə ayrılmış geniş və davamlı məkanlar yoxdur. Nəticədə, bu sahəyə marağı olan gənclər özlərini ifadə etmək üçün uyğun platforma tapmır və bu da onları qanunsuz yollar axtarmağa sövq edir. Belə hallarda isə ortaya çıxan nəticə nə estetik baxımdan qənaətbəxş olur, nə də ictimaiyyət tərəfindən qəbul edilir.

Məsələyə münasibət bildirən tanınmış yazıcı-kulturoloq Aydın Xan Əbilov qraffitini yalnız estetik müdaxilə kimi deyil, daha çox etirazın və sosial mövqenin ifadə vasitəsi kimi dəyərləndirir. Onun fikrincə, qraffiti müasir dövrdə ən etirazçı sənət formalarından biri hesab olunur və bu vasitədən istifadə edən yeni nəsil öz fikirlərini ifadə etməklə yanaşı, həm də cəmiyyət daxilində öz mövcudluğunu təsdiqləməyə çalışır.

Ekspert qeyd edir ki, Nizami Kino Mərkəzi ətrafında baş verən hadisənin geniş rezonans doğurması başadüşüləndir, lakin məsələyə münasibətdə müşahidə olunan sərt və bəzən emosional reaksiyalar balanslı yanaşmadan uzaqdır. Onun sözlərinə görə, bir neçə gəncin etdiyi səhvə görə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların həddindən artıq aqressiv mövqe sərgiləməsi konstruktiv nəticə vermir və problemi daha da dərinləşdirə bilər.

Kulturoloq vurğulayır ki, qraffitinin tətbiq olunduğu məkanın düzgün seçilməməsi bu hərəkətin mübahisəli tərəfidir və bu, danılmazdır. Lakin bununla yanaşı, məsələni yalnız vandalizm kontekstində qiymətləndirmək də obyektiv yanaşma deyil. O, diqqətə çatdırır ki, şəhər mühitində daha ciddi estetik və memarlıq problemləri mövcuddur və bəzən tarixi binaların kobud şəkildə dəyişdirilməsi, onların üzərində aparılan uyğunsuz müdaxilələr eyni səviyyədə ictimai qınağa səbəb olmur. Bu kontekstdə, sadə yazı və ya qraffiti nümunəsinin kəskin şəkildə kriminal və ya vandal akt kimi təqdim olunması müəyyən mənada selektiv yanaşma təsiri bağışlayır.

Ekspert həmçinin qeyd edir ki, gənclərin bu sahəyə yönəlməsi təsadüfi deyil. Qlobal mədəni prosesləri izləyən, street-art və qraffiti mədəniyyəti ilə tanış olan yeni nəsil öz yaradıcılıq potensialını nümayiş etdirmək üçün imkanlar axtarır. Şəhər mühitində bu fəaliyyət üçün sistemli və davamlı platformaların olmaması onların alternativ, bəzən isə yanlış məkanlara yönəlməsinə səbəb olur. Onun fikrincə, əgər gənclər üçün xüsusi qraffiti zonaları, sərbəst yaradıcılıq məkanları və mütəmadi tədbirlər təşkil olunarsa, bu cür halların qarşısını daha effektiv şəkildə almaq mümkündür.

Aydın Xan Əbilov əlavə edir ki, qraffiti yalnız vizual müdaxilə deyil, həm də nəsillərarası münasibətlərin və sosial dinamikanın göstəricisidir. Bu, müəyyən mənada yeni nəslin köhnə nəslə qarşı fikir və baxış fərqlərini ifadə etdiyi simvolik bir mübarizə formasıdır. Bu baxımdan, qraffitini bütövlükdə mənfi fenomen kimi təqdim etmək, onun arxasında dayanan sosial və mədəni motivasiyaları görməməzlikdən gəlmək deməkdir.

Ekspertin qənaətinə görə, bu kimi hallarda əsas yanaşma cəza və təzyiq üzərində qurulmamalıdır. Əksinə, maarifləndirici tədbirlər, gənclərlə və onların valideynləri ilə aparılan profilaktik söhbətlər, eləcə də yaradıcı fəaliyyətlərin təşviqi daha məqsədəuyğun hesab olunur. O vurğulayır ki, istedadlı gənclərin bu cür səbəblərlə cəmiyyətdən uzaqlaşdırılması və ya təzyiq altında saxlanılması uzunmüddətli perspektivdə ölkənin mədəni potensialına mənfi təsir göstərə bilər.

Onun fikrincə, qraffiti məsələsinə yanaşmada daha ehtiyatlı, balanslı və düşünülmüş mövqe sərgilənməlidir. Gənclərin yaradıcılıq cəhdlərini tamamilə rədd etmək əvəzinə, onları düzgün istiqamətləndirmək və cəmiyyətə inteqrasiya etmək daha səmərəli və perspektivli yanaşma kimi qiymətləndirilməlidir.

Seçilən
18
hafta.az

1Mənbələr