AZ

Yağış bu yolda 25-ə yaxın çala yaratdı: Təmir nə vaxt başlayır? - RƏSMİ

Son günlər yağan yağışların törətdiyi fəsadlarla bağlı sosial şəbəkələrdə bir sıra videogörüntülər yer alıb. 

DJ Tural Yusifov Hövsan qəsəbəsində rastlaşdığı problemlə bağlı video paylaşıb. Yaşadığı qəsəbənin yollarında yaranmış çoxsaylı çalaları sayan T.Yusifov 1.5 kilometrlik yolda 25-ə yaxın çalanın yarandığını deyib. 

Hövsan-MİDA yolundakı vəziyyətlə bağlı narahatlığını ifadə edən DJ həmin çalaları zarafatla “dinozavr yuvası” adlandırıb və dövlət qurumlarına ritorik sual ünvanlayıb: 

“Görəsən Bakıda yağışla birgə nə yağır ki, yollar bu vəziyyətə düşür?!” Qeyd edək ki, bir neçə gün davam edən intensiv yağışlardan sonra Bakının əksər küçə və prospektlərinin asfalt örtüyündə problemlər yaranıb. 

Paytaxtın inzibati ərazisinə daxil olan qəsəbələrdə bu problemlər daha çoxdur. Ümumiyyətlə, yağış yol infrastrukturuna nə qədər ziyan vurub? Bu problemin aradan qaldırılması hansı addımların atılması planlaşdırılır? 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, Agentliyin balansında olan avtomobil yollarında yağıntılardan sonra cari təmir işləri davam etdirilir: 

“Təkcə cari ilin mart ayı ərzində rekord göstərici əldə olunub, təxminən 90 min kvadratmetr sahədə asfalt örtüyünün cari təmiri həyata keçirilib. 

Hazırda da bu istiqamətdə işlər tərtib olunmuş qrafikə uyğun fasiləsiz şəkildə davam etdirilir. Qeyd olunan ərazidə də yaxın müddətdə cari təmir işləri icra olunacaq”.

Seçilən
39
9
cebheinfo.az

10Mənbələr