Ölkəmizdə milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. O cümlədən Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafına, onun saflığının qorunmasına xüsusi həssaslıqla yanaşır. Belə həssas yanaşmanın təsdiqi olaraq dövlətimizin başçısı tarixin bu günündə - 2013-cü il aprelin 9-da imzaladığı müvafiq sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləyib.
Dövlətin dil siyasətində ardıcıllıq
Azərbaycan dilini bugünkü yüksək statusu qazanmasınadək uzun yol keçilib, bir sıra maneələr dəf edilib, hazırda da ciddi çağırışlar var. Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı mühüm məsələlər barədə həm ötən il noyabr ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən iclasda, həm də cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ətraflı bəhs edib. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində xalqımızın tarixin müxtəlif dönəmlərində yaşadığı taleyə diqqət çəkib. Nə demək olar, qismətimizə ağır tale düşüb. Təzada baxın ki, biz həm əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, həm də əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Təxminən 70 il davam edən sovet rejimi də müstəmləkəçiliyin başqa bir forması idi. Təbii ki, müstəmləkə quruluşları xalqımızın milli-mənəvi dəyərlər sisteminə, o cümlədən də dilimizə təsirsiz ötüşməyib. Bununla belə, biz dilimizi yaşatmağa nail olmuşuq. Müstəqillik dövründə hər sahədə uğurlar qazandığımız kimi, zamanında dilimizə olan yad təsirləri də azaldırıq.
Bəhs olunan Dövlət Proqramında da vurğu edildiyi kimi, respublikamızda Azərbaycan dilinə qayğı siyasətinin əsası böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Keçmiş SSRİ-də ittifaq Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Buna baxmayaraq, o dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev 73-cü maddənin aşağıdakı redaksiyada verilməsi təklifini irəli sürüb: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, ötən əsrin 70-ci illərində Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilib, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılıb. Ali məktəblər üçün yazılmış 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülüb.
Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycan dili uğrunda mücadiləsini 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra davam etdirib. Müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb.
Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısı qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunmasını, saflığının təmin edilməsini hədəfləyən bir sıra sənədlər imzalayıb. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli ?ərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.
Dövlət Proqramının məqsəd və vəzifələri
Qloballaşmanın meydana çıxardığı çağrışlardan biri də milli dillərin qorunması ilə bağlıdır. Reallıq həqiqətən çox kədərlidir. Verilən məlumatlara görə, ötən hər gün ölü dillərin siyahısı genişlənir və milli dillər üçün təhdidlər daha da artır. Etiraf edək ki, təhdidlər Azərbaycan dili üçün də yox deyil və bu, bir sıra amillərdən qaynaqlanır. Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dilimizin saflığının qorunması ilə bağlı növbəti dəfə narahatlığını bildirib və elm adamlarına, geniş ictimaiyyətə mühüm çağırışlar edib. “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəhs olunan Dövlət Proqramında da qloballaşma şəraitinin dillə bağlı yaratdığı çağırışlar nəzərə alınmaqla bir sıra məqsəd və vəzifələr müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.
Dövlət Proqramının əsas vəzifələri isə aşağıdakılardır:
-Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması;
-Dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi;
-Dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
-Dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;
-Dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;
-Dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;
-Dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;
-Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
-Dil və nitq mədəniyyətinin yüksəldilməsi;
-Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;
-Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.
İndiyədək Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlər həyata keçirilib. Həmçinin dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazası təkmilləşdirilib.
Mübariz ABDULLAYEV