Bir neçə gün öncə Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas Rusiyanın son 100 ildə Afrika dövlətlərini saymadan 19 ölkəyə hücum etdiyini bildirib.
Əslən Estoniyadan olan, 14 il SSRİ dövründə yaşayan və bu üzdən həm SSRİ-nin, həm də öz ölkəsinin tarixini bilən Kallas onu da əlavə edib ki, Rusiya bəzi ölkələrə üç-dörd dəfə hücum edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə dünən Kaya Kallasın fikirlərinə rişxəndlə yanaşaraq, onun konkret ölkə adı çəkmədiyini bildirib və deyib: “Kallasın hətta səhv etmədən 19 ölkənin adını yaddaşından çəkə biləcəyinə də əmin deyiləm".
Baxaq, görək, kim düz deyir, kim haqlıdır.
Yəqin ki, Kaya Kallasın dilə gətirdiyi “son 100 il” məsələsi şərti söhbətdir, o, 20-ci əsri və yaşadığımız əsrin 26 ilini nəzərdə tutur. Çünki Rusiya məhz bu müddətdə gerçəkdən də qonşuluğunda yaşayan xeyli ölkəyə hücum edib, onları bu və ya digər şəkildə ya birbaşa əsarət altına alıb, ya da öz vassalına çevirib.
Bir-bir sayaq: Azərbaycan, Ermənistan. Gürcüstan, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Türkiyə, İran, Əfqanıstan, Çin, Monqolustan, Koreya, Yaponiya, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Vyetnam, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Bolqarıstan...

27 oldu. Almaniyanı saymadıq. Çünki nasist Almaniyası SSRİ-yə hücum etməklə özünü legitim hədəf halına gətirmişdi. Ona görə də SSRİ adlanan qırmızı rus imperiyasının əks-hücuma keçərək onun topağının yarısını tutması, orada marionet kommunist rejimi yaratması, Almaniyanın böyük bir əyalətini – Köniqsberqi ilhaq etməsi beynəlxalq qanunlara zidd deyildi.
Ancaq SSRİ-nin Şərqi Avropa ölkələrini əsarət altına alması, bu xalqları zorla idarə etməsi, azacıq müqavimət görən kimi həmin ölkələrə yenidən hərbi müdaxilə etməsi danılmaz faktdır. Moskva bunu “Almaniya Demoratik Respublikası” adlandırılan Şərqi Almaniyaya 1947-ci ildə, Macarıstana 1956-cı ildə, Çexiya və Slovakiyanın birləşməsi nəticəsində yaradılmış Çexoslovakiyaya isə 1968-ci ildə edib.
Görünür, Kaya Kallas Rusiyanın “bəzi ölkələrə təkrar hücum”undan danışarkən bunları nəzərdə tutur.
Rusiya Türkiyəyə I dünya müharibəsində, konkret olaraq, 1914-cü ilin noyabrında hücum edib. Rus ordusu 1916-cı ilə qədər Türkiyənin böyük şəhərlərini (Ərzurum, Trabzon, Van) ələ keçirib və bununla da ingilsilərin, fransızların, yunanların, italyanların, hətta avstraliyalıların, daxildə isə ərəblərin və ermənilərin hücumuna məruz qalmış Türkiyəyə ağır zərbələr vurub.

Orta Asiyada ümumi şəkildə Türküstan kimi tanınan ölkələrin (Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan + Tacikistan,) işğalı və ilhaqı 1917-ci ildən 1930-cu ilə qədər davam edib. Yenicə müstəqillik əldə etmiş xalqlar “Basmaçı hərəkatı” kimi tanınan şiddətli silahlı müqavimət göstəriblər. Nəhayət, Rusiya Türküstanı parçalayaraq, milli mənzillərə bölüb, 5 ölkə yaradıb və hamısını Moskvaya tabe edib.
1920-21-ci illərdə Rusiyanın Cənubi Qafqaz ölkələrini (Azərbaycan, Gürcüstan və Ermənistan) necə işğal etməsi barədə çox yazılıb, təfərrüata lüzum yoxdur.
SSRİ 1939-cu ildə Finlandiyaya hücum edib. 105 gün çəkən və 1940-cı ilin martında bitən həmin müharibədə Finlandiya Vıborq da daxil olmaqla, ərazisinin təxminən 10%-ni itirib. SSRİ-nin Baltik dənizindəki mövqeyi möhkəmlənib. Finlandiya suverenliyini qoruya bilsə də, 400.000-dən çox insan didərgin düşüb.
Moskva 1940-cı ilin iyun ayında Baltikyanı ölkələrə (Estoniya, Latviya və Litva) hücum edərək, onları işğal və ilhaq edib. Bu, SSRİ və Almaniya arasından imzalanmış Molotov-Ribbentrop paktının gizli müddəalarına əsasən baş verib.
Elə həmin il Moskva Ruminiyaya və Şimali Bukovinaya (müasir Moldova) hücum edib, Bessarabiyanı Rumıniyadan qoparıb, Şimali Bukovina ilə birləşdirərək Moldova SSR yaradıb, kommunist rejimi qurub, onu 15 müttəfiq respublikanın birinə çevirib.
İkinci dünya müharibəsi illərində SSRİ Böyük Britaniya ilə birlkdə İrana qarşı hərbi kampaniyaya (25 avqust - 17 sentyabr 1941) başlayıb. Məqsəd neft yataqlarını qorumaq, Almaniyanın ora girməsinin qarşısını almaq olub. Rusiya 1946-cı ilə qədər bu ölkədə qalıb.

SSRİ-nin nasist Almaniyasından azad edilən Şərqi Avropa ölkələrində “ilişib qalması”nı, onlardan çıxmamasını yuxarıda qeyd etdik. Onu əlavə edək ki, o zamanlar SSRİ yalnız Avstriyanın bir hissəsində olan qoşunlarını geri çəkib. Əslində həmin dönəmdə Kreml Yuqoslaviya və Albaniya kimi sovet əsgərinin ayağı dəyməyən ölkələrə də nüfuz etmək istəyib, ancaq müqavimətlə üzləşib.
İkinci dünya müharibəsinin sonunda Sovet İttifaqı Çin, Monqolustan və Koreyanın şimalının kommustləşdirilməsində rol oynayıb, bu ölkələrə hərbi kontingent yeridib.
SSRİ-nin Yaponiyadan Kuril adalarını necə qoparması da məşhur hadisədir. Adaların yurisdiksiyasına dair mübahisə hələ də davam edir, ancaq Kreml hər dəfə qəti şəkildə bildirir ki, bu, heç vaxt mümkün olmayacaq.
Ötən əsrin 60-cı illərində SSRİ-nin Kuba və Vyetnama hərbi qüvvələr göndərdiyi, bu ölkələrin kommunist liderlərinə yardım göstərməsini də, əslində həmin ölkələrə hücum kimi qiymətləndirmək olar.
1979-cu ildə sovet-rus ordusunun Əfqanıstana hərbi müdaxiləsi, bu ölkədə müharibə aparması 10 il çəkib.
Yeni əsrdə isə Rusiya Gürcüstana hərbi müdaxilə (08.08.2008) edib, daha sonra (2014-cü ildən bu günə qədər) Ukraynaya qarşı hərbi kampaniyaya başlayıb.
Rusiya Orta Asiya respublikalarında hərbi bazalarını saxlayaraq, onları yumruq altında tutmaqda davam edir, Ermənistandan çıxmaq istəmir və bu kiçik ölkəni qarışdırmaq əzmindədir.
Göründüyü kimi, Aİ-nin xarici işlər naziri Kaya Kallas Rusiyanın son 100 ildə 19 ölkəyə hücum etdiyini bildirərkən hələ az deyib, bu rəqəm 25-dən çoxdur.
Ancaq Rusiya bu cür hərbi aqressiya aktlarını etiraf edirmi? Etmir. Moskva hesab edir ki, qonşuluğunda yerləşən müstəqil dövlətlər heç də “xarici dövlətlər” deyil, onun ovalıqları, bostanıdır və o, istənilən vaxt oralara girə bilər.
Araz Altaylı, Musavat.com