AZ

Utancaq uşaqların təhsili geriləyir: müəllim və valideynlərin etdiyi SƏHVLƏR

Bəzi siniflərdə sosial ünsiyyətdən çəkinən, utancaq və özünü ifadə etməkdə çətinlik çəkən uşaqlar olur. Bu tip uşaqlar akademik olaraq savadlı olsalar belə, aktiv iştirak etmədikləri üçün biliklərini nümayiş etdirə bilmirlər.

Maraqlıdır, sosial ünsiyyətin məhdudluğu və utancaqlıq şagirdlərin məktəbdəki ümumi uğurlarına və özünəinamına necə təsir göstərir?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.

Psixoloq qeyd edib ki, uşağın məktəbdəki susqunluğu, çox vaxt evdəki yanlış tərbiyə modelinin göstəricisidir:

“Müxtəlif ailə tipləri mövcuddur: avtoritar ailə modeli, liberal ailə modeli, həddindən artıq qoruyucu ailə modeli və dəstəkləyici ailə modeli. Bu ailə modelləri fərqli xüsusiyyətlərə malik uşaqların yetişməsinə səbəb olur.

Ailə modelləri uşaqların öyrənmə tərzinə və dərsə yanaşmasına da təsir göstərir. Buna görə uşaqlar arasında fərqliliklər müşahidə olunur: bəzi uşaqlar özlərini təqdim edə bilir, bəziləri isə bunu edə bilmir; bəzi uşaqlar öyrəndiklərini ortaya qoya bilir, bəziləri isə nə qədər öyrənsələr də bunu nümayiş etdirə bilmir.

Ən çox avtoritar ailə modelində böyüyən uşaqlar, yəni ailədə bir adam avtoritet olur və uşaq davamlı olaraq onun hökmlərini yerinə yetirir. Daha çox mükəmməlliyə meylli və özlərində səhv axtaran olurlar. Onlar həmçinin bir az aqressiv, digər insanlardan çəkinən, sosial bacarıqlardan uzaq duran, bəzən isə sosial mühitdə dostları ilə birlikdə olarkən daha çox rəqabətçi və “mənəm-mənəm” davranışlı ola bilirlər.

Buna görə də əgər bir ailədə utancaq uşaq varsa, bu utancaqlıq məktəbdə də özünü göstərir. Amma utancaqlığın səbəbi təkcə avtoritar ailə modeli deyil. Məsələn, həddindən artıq qoruyucu və sevgi dolu ailələrdə də uşaqlar müəyyən problemlər göstərə bilərlər: uşaq evdə olduğu kimi diqqət və qayğı görmədiyi mühitdə susqun ola bilər.

Bu səbəbdən də çalışmalıyıq ki, uşaqları elə tərbiyə edək ki, gələcəkdə sosial və emosional problemlər ortaya çıxmasın. Həddindən artıq qoruyucu ailə modelində də utancaq və sosial münasibətlərdən çəkinən uşaqlar ortaya çıxa bilər”.

Test mərkəzli təhsil uşağı susdurur, susan uşaq isə potensialının 30%-ni itirir:

“Əgər bir uşaq məktəbdə özünə qapanırsa, çəkinirsə və ya utanırsa, onun sosial və öyrənmə bacarıqları digər uşaqların bacarıqlarından minimal olaraq 30% geridə qala bilər.

Bu 30% fərq nə fondadır? Müasir müəllimlər artıq dərsləri kurikulum əsasında keçirirlər. Kurikulumla dərs daha çox sual-cavab və test üzərində qurulur. Bu isə uşaqların nitq qabiliyyətini inkişaf etdirmir və onları kifayət qədər danışmağa vadar etmir.

Əvvəllər uşaqlar lövhədə dərs izah edirdi, digər uşaq isə dərsin davamını danışırdı, məsələn, bizim dövrümüzdə bu belə idi. Amma indi vəziyyət fərqlidir: danışmağa o qədər ehtiyac yoxdur, dərs sual-cavab və qiymətləndirmə üzərində gedir”.

Uşağın özünəgüvəninin zəifləməsi zamanla asosial şəxsiyyətin formalaşmasına və gələcəkdə iş tapmaqda ünsiyyət problemlərinə səbəb ola bilər:

“Siniflərində belə uşaqlar olan müəllim onlara hörmətlə yanaşmalıdır. Müəllim “sən dərsi niyə danışmırsan?” deyərək uşağı alçaltmamalı və ya tənqid etməməlidir. Bəzən tənqid sərt keçə, hətta təhqir səviyyəsinə çata bilər ki, bu hallar qətiyyən qəbulolunmazdır.

Unutmaq olmaz ki, nə qədər tənqid etsəniz, uşağın özünə dəyəri o qədər azalır və özünəgüvəni zəifləyir. Bu isə zamanla asosial şəxsiyyətin formalaşmasına, peşə seçimində çətinliklərə və gələcəkdə iş tapmaqda ünsiyyət problemlərinə səbəb ola bilər.

Ona görə də, bir uşaq danışmırsa və ünsiyyət qurmursa, bilin ki, onun hər hansı bir problemi ola bilər. Belə uşaqlara öz övladınız kimi yanaşın və səbəbini aydınlaşdırmağa çalışın. Uşağı həvəsləndirmək üçün onu lövhəyə çağırın, suallar verin. Qoy dərsi tam danışmasın, amma bilik səviyyəsini anlamaq üçün suallara cavab versin.

Sonra iki uşaqlıq qruplarda, üç və daha çox uşaqlıq qruplarda mövzunu müzakirə etdirin. Belə uşaqları “öyrənməmisən” deyərək aşağı qiymətləndirmək və yerlərinə əyləşdirmək düzgün deyil”.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki, utancaq uşaqların öz potensiallarını üzə çıxarması üçün xüsusi bir istedada deyil, sadəcə özlərini ifadə edə biləcəkləri təhlükəsiz mühitə ehtiyacları var:

"Utancaqlıq və sosial ünsiyyətdən çəkinmə şagirdin potensialını birbaşa gizlədə bilər. Belə uşaqlar çox vaxt mövzunu yaxşı bilsələr də, fikrini deməkdən çəkinir, səhv etməkdən qorxur və diqqət mərkəzində olmaq istəmir.

Qısa müddətdə bu, dərsdə passivlik, iştirakın azalması və qiymətləndirmədə real səviyyənin görünməməsi ilə nəticələnir. Uzun müddətdə isə “mən bacarmıram” kimi yanlış inam formalaşa bilər, özünəinam zəifləyər və sosial bacarıqlar kifayət qədər inkişaf etməz.

Bu da həm akademik uğura, həm də gələcək münasibətlərə təsir göstərə bilər. Amma vacib məqam odur ki, utancaqlıq həmişə zəiflik deyil, çox vaxt bu uşaqlar müşahidə qabiliyyəti yüksək, düşünərək cavab verən və dərin analiz edən olurlar. Sadəcə, özlərini ifadə etmək üçün daha təhlükəsiz mühitə ehtiyac duyurlar”.

Müəllim tərəfindən kiçik uğurların belə qeyd olunması uşağın "mən bacarıram" hissini gücləndirir:

“Müəllimlər üçün ən effektiv yanaşma uşağı məcbur etmək yox, mərhələli şəkildə aktivliyə cəlb etməkdir. Məsələn, birbaşa sinif qarşısında danışdırmaq əvəzinə əvvəlcə kiçik qruplarda müzakirələr təşkil etmək, yazılı cavablara üstünlük vermək və ya şagirdə əvvəlcədən hazırlaşmaq imkanı yaratmaq faydalıdır. Bu, onun özünü daha güvənli hiss etməsinə kömək edir.

Eyni zamanda müəllimin reaksiyası çox önəmlidir. Uşaq danışanda onun sözünü kəsməmək, səhvini sərt şəkildə vurğulamamaq, əksinə, cəhdini qiymətləndirmək onun özünəinamını artırır. Kiçik uğurların belə qeyd olunması uşağın “mən bacarıram” hissini gücləndirir.

Sinif daxilində ümumi mühit də dəstəkləyici olmalıdır. Müqayisə və tənqid yox, hörmət və qəbul atmosferi yaradılmalıdır. Şagird bilməlidir ki, səhv etmək normaldır və bu, onun dəyərini azaltmır”.

Seçilən
12
azedu.az

1Mənbələr