Həsən Nəbiyev qeyd edib ki, “World Weather Attribution” qrupunun araşdırmalarına görə,son 100 ildə ekstremal isti hava dalğalarının təkrarlanma tezliyi on dəfədən çox artıb.Eyni zamanda, bu cür hadisələr zamanı temperatur əvvəlki dövrlərlə müqayisədə təxminən 4°C daha yüksək olur.

Atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər nəticəsində Aralıq dənizindən Barens dənizinə qədər uzanan yüksək təzyiq sahələri formalaşır və bu, Atlantik okeanından gələn rütubətli hava kütlələrinin hərəkətini məhdudlaşdırır. Nəticədə bəzi bölgələrdə quraqlıq, digərlərində isə intensiv yağıntılar müşahidə olunur.
“İqlim dəyişiklikləri Azərbaycanda da öz təsirini göstərir.Ölkə ərazisində sel, daşqın, dolu kimi təbii fəlakətlərin sayı artır, küləklərin istiqaməti və gücü dəyişir, temperatur yüksəlir, yağıntı azalır və su ehtiyatları ilə bağlı problemlər yaranır. Tədqiqatlar göstərir ki, bu dəyişikliklər həm də Günəş fəallığının artması ilə əlaqəlidir. Hazırda Günəşin 25-ci 11 illik siklinin aktiv mərhələsində olması atmosfer proseslərində dəyişkənliyi artırır və meridional hava axınlarının daha tez-tez baş verməsinə səbəb olur”,-deyə alim bildirib.