AZ

Ağstafalı fermerlərin yaz qayğıları başdan aşır

Ağstafada da yaz-tarla işlərinin qızğın çağıdır. Fermerlər əkin sahələrində əkin-səpin aparır, torpağa lazımi aqrotexniki qulluq göstərirlər.

Qeyd edək ki, 2025-2026-cı il üçün rayon fermerləri 8187,2 hektarda taxıl səpini aparmışlar. Bunun 4812,3 hektarı buğda, 3374,9 hektarı arpadır. Səpinə 90-a  yaxın texnika cəlb edilmişdir. Təsərrüfat sahibləri cari il əkin sahələrini  217 hektar artırmışlar. Səpindən sonra 5660 hektarda suvarma aparılmışdır. Hazırda  129 hektar sahədə 2-ci vegetasiya suvarması aparılır. Sahələrdən bol məhsul götürmək üçün fermerlər yaz aylarında 2850 hektar sahədə yemləmə gübrəsi  ilə yanaşı, 1750 hektarda alaq otlarına qarşı kimyəvi mübarizə də aparmışlar.

Həmişə olduğu kimi, bu il də rayonun ən çox taxıl əkən kəndləri Göycəli, Köçəsgər, Eynallı, Dağ Kəsəmən və Qıraq Kəsəməndir.    

Fermerlər yazlıq əkinlərini də davam etdirirlər. Qısa vaxt ərzində 280 hektarda kartof, 150 hektarda günəbaxan əkilmişdir. Artıq digər yazlıq əkinlərin səpininə də başlanılmışdır. 

Ağstafada meyvəçilik də inkişaf edir. Hazırda rayon üzrə 1619,3 hektar  meyvə bağı mövcuddur. Bağlara üzvi və mineral  gübrələr verildikdən sonra ağacların dibinin yumşaldılması işlərinə başlanılmışdır. Söz düşmüşkən qeyd edək ki, rayon sakinləri arasında intensiv bağların salınmasına maraq çoxdur. Keçən il Kolxəlifəli kəndində  Səxavət Binnətov 55 hektarda meyvə, Aşagı Göyçəli kəndində Nazim Əhmədov 6 hektarda və Zəlimxan kəndində Elfaq Mamayev 1,49 hektar sahədə yeni fındıq bağları salmışlar. Hazırda bağbanlar xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri ilə məşğuldurlar. 

Rayonda 508 hektara yaxın üzüm bağı da salınıb. Üzümçülük gəlirli sahə olduğu üçün fermerlər arasında bu sahəyə maraq getdikcə artır. Ötən il hər hektar üzüm bağından fermerlər orta hesabla 153 sentner məhsul əldə etmişlər.  Poylu kəndindən Səməndər Vəliyev, Qurban Aslanov və Kolxəlifəli kəndindən  Yuləti Kərimov bu il də plantasiyalardan bol məhsul götürmək əzmindədirlər.

 S.YUNİSOĞLU,

 "Azərbaycan"

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr