AZ

Şəmkir: rayon iqtisadiyyatına qoyulan investisiya davamlı inkişafa təkan verir

Məlumdur ki, iqtisadiyyatın davamlı və balanslı inkişafının əsas şərtlərindən  biri investisiyaların cəlb edilməsidir. Bu baxımdam,  son illər həyata keçirilən müxtəlif stimullaşdırıcı tədbirlər Şəmkir rayonunda da investisiya cəlbediciliyini artırmışdır. Rayonda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində süni maneələrin aradan qaldırılması, investorların dəstəklənməsi istiqamətində sistemli və ardıcıl işlər görülür. Şəmkirin coğrafi mövqeyi, Bakı-Qazax magistral yolunun üstündə yerləşməsi səbəbindən əlverişli logistika imkanlarının mövcudluğu daxili və xarici bazarlara çıxış üçün əlverişli imkan yaratmışdır. Bunların nəticəsində rayon iqtisadiyyatına qoyulan investisiyaların həcmində müsbət dinamika müşahidə olunur. Təkcə son üç il ərzində  rayon üzrə ümumilikdə 87,5 milyon manat dəyəri olan investisiya layihələri icra edilmişdir. Cəlb edilmiş investisiyalar əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, istixanaların və meyvə bağlarının salınması, müxtəlif ticarət və xidmət sahələrini əhatə edir. İnvestisiya layihələrinin icrası nəticəsində rayonda 1884 yeni iş yeri açılmışdır. Nəticədə rayonun makroiqtisadi göstəricilərində əhəmiyyətli artım qeydə alınmışdır. Belə ki, 2023-2025-ci illərdə Şəmkir kənd təsərrüfatı məhsullarının həcminə görə respublikada 1-ci, ümumi məhsul buraxılışının həcminə görə isə 6-cı olmuşdur.

Rayonun geniş iqtisadi potensialının reallaşdırılması istiqamətində nəzərdə tutulmuş ən mühüm layihələrdən biri də 2025-ci ilin sentyabr ayında keçirilmiş I Azərbaycan Beynəlxalq İqtisadi Forumunda illik istehsal gücü 2 milyon ton, investisiya dəyəri 1,2 milyard manat olan dəmir istehsalı zavodunun inşası layihəsidir. Zavod istismara verildikdən sonra tək ölkənin ümumdaxili məhsuluna verəcəyi ilkin dəyərin 1,17 milyard manat olacağı proqnozlaşdırılır. Bununla yanaşı, Prezidentin 2026-cı il 15 yanvar tarixli fərmanı ilə Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkının yaradılması qərara alınmışdır  ki, bu da rayona investisiya qoyuluşunun artırılmasında, iqtisadiyyatın inkişafında və məşğulluq problemlərinin həllində mühüm rol oynayacaq.

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Seçilən
43
azerbaijan-news.az

1Mənbələr