Bir çox insanın gecə saat 2-3 radələrində qəfil yuxudan oyanmasının səbəbi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, klinik psixoloq Maykl C.Breus "Daily Mirror" nəşrinə müsahibəsində bu halın aşkar olmayan səbəbini açıqlayıb.
Mütəxəssis bildirib ki, gecə oyanmaları çox vaxt səsdən və ya işıqdan deyil, birbaşa orqanizmin biologiyasından qaynaqlanır. Maykl C.Breusun sözlərinə görə, axşam saatlarında bədən temperaturu tədricən aşağı düşür ki, bu da melatonin hormonunun ifrazına və dərin yuxuya keçidə şərait yaradır. Lakin gecənin irəliləyən saatlarında orqanizm yenidən isinməyə başlayır və məhz bu temperatur artımı insanın oyanmasına səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, bu cür oyanmalar tamamilə normal fizioloji prosesdir:
"Müəyyən məqamda bədən yenidən isinməlidir, əks halda soyuma (hipotermiya) riski yaranır. Məhz temperaturun tənzimləndiyi bu keçid anında insanlar yuxudan ayılırlar".
Psixoloqun sözlərinə görə, əksər insanlar bu qısa oyanmadan dərhal sonra yenidən yuxuya gedir və prosesin fərqinə varmırlar.
Əgər oyandıqdan sonra yenidən yuxuya getmək mümkün olmursa, bu, yuxusuzluq (insomniya) əlaməti ola bilər. Belə hallarda mütəxəssis yuxu rejimini, stres səviyyəsini və yataq otağındakı mühiti (temperatur, qaranlıq və s.) tənzimləməyi tövsiyə edir. Əgər bu addımlar kömək etmirsə, koqnitiv-davranış terapiyası ən effektiv həll yolu kimi göstərilir.