ABŞ-İran arasında əldə olunduğu bildirilən atəşkəs fonunda regionda yeni gərginlik dalğası formalaşır.
The Wall Street Journal İranın vasitəçilərə İslamabadda planlaşdırılan görüşdə iştirakını Livandakı vəziyyətlə şərtləndirdiyini yazıb.
Məlumata görə, Tehran açıq şəkildə bildirib ki, əgər İsrail Livana hücumları dayandırmasa, Pakistan paytaxtında keçirilməsi nəzərdə tutulan danışıqlara qatılmayacaq. Bu isə artıq əldə olunduğu deyilən diplomatik razılaşmanın taleyini sual altına salır.
Digər tərəfdən, CNN İsrailin bu atəşkəs barədə son anda məlumatlandırıldığını və bundan narazı qaldığını bildirir. Qeyd olunur ki, Təl-Əviv razılaşmaya könülsüz qoşulub və Livanın bu prosesə daxil edilməsinə qarşı çıxıb. Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp da sonradan Livanın razılaşmadan kənarda saxlanılması variantını qəbul edib.
Eyni zamanda, bölgədə gərginliyi artıran digər mühüm faktor Hörmüz boğazı ilə bağlı açıqlamalardır. İran tərəfi bildirib ki, artıq boğaza nəzarət onların əlindədir və bütün gəmilər keçid üçün SEPAH Dəniz Qüvvələrindən icazə almalıdır. Əks halda, həmin gəmilərin hədəfə alınacağı və məhv ediləcəyi ilə bağlı xəbərdarlıq olunub.
Beləliklə, formal olaraq atəşkəsdən danışıldığı bir vaxtda, Livan istiqamətində davam edən hərbi əməliyyatlar və İranın sərt şərtləri regionda vəziyyətin son dərəcə qeyri-sabit olduğunu göstərir. Mövcud şəraitdə danışıqların baş tutub-tutmayacağı və atəşkəsin davamlı olub-olmayacağı ciddi sual altındadır.
Musavat.com