AZ

İrana qarşı müharibənin dayandırılması Pakistan üçün vacib idi” - politoloq

“Avrasiya bölgəsinin davamlı sabitliyə ehtiyacı var. Müharibələr sabitlyi pozmaqla yanaşı, bölgənin inkişafına təkan verəcək layihələrə də təhlükədir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu İran və ABŞ arasında əldə olunan atəşkəs anlaşmasının bölgəmiz, o cümlədən ölkəmiz üçün faydalarından bəhs edərkən deyib. İranla müharibənin dayandırılmasından sonra Araz dəhlizinin bir hissəsi olan Ağbənd – Kəlalə avtomobil körpüsünün açılması, həmçinin Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin tikintisinə start verilməsi ehtimalından bəhs edən ekspert Musavat.com-a açıqlaması zamanı bildirib ki, Azərbaycan bölgə ölkələri ilə əməkdaşlığı genişləndirmək və regional layihələrin işə düşməsində maraqlıdır: “Bu baxımdan Zəngəzur və Araz dəhlizlərinin işə düşməsi hamının xeyrinədir. Bunun üçün bölgədə sabitlik bərqərar olmalıdır. Bu səbəbdən Azərbaycan qonşuluğunda müharibənin sona çatmasında marağı olan əsas ölkələrdən biri idi”.

E.Şahinoğlu əlavə edib ki, qeyd olunanlarla yanaşı, ABŞ və İranla atəşkəsin əldə olunmasında 3 dövlətin - Pakistan, Türkiyə və Çinin də rolu olub: “Pakistan müharibənin davamından ən çox narahat olan ölkələrin başında gəlir. Bunun bir neçə səbəbi var. Birincisi, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. İki ölkə arasında 2015-ci ilin sentyabr ayında imzanan “Birgə Strateji Müdafiə Sazişi” mövcuddur. Sazişə görə, Səudiyyə Ərəbistanına hücum halında Pakistan müttəfiqinə əməli dəstək verməlidir və tərsinə. Ona görə də, İran Səudiyyə Ərəbistanına raket və dronlar atdıqda, İslamabad çətin vəziyyətdə idi. Pakistan sazişə riayət etməli, ancaq eyni zamanda İranla müharibənin risklərini hesablamaq məcburiyyətində idi. İkincisi, İslamabad müharibədən faydalanmaq istəyən silahlı bəlucların iki ölkə sərhədində gərginlik yaradacaqlarından ehtiyat edirdi. İslamabadı müharibəni dayandırmaq məqsədilə Vaşinqton və Tehranla sıx dialoqu davam etdirməyə məcbur edən üçüncü səbəb də var idi. İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra Pakistanın şiə müsəlman icması etirazlara başladı. Nümayişçilər hücumları pislədilər və “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları ilə İranla həmrəyliklərini ifadə etdilər. Etirazçılar həmçinin Pakistan hökumətini münaqişə zamanı ABŞ-nin tərəfini tutmaqda günahlandırdılar. Etirazçılar ABŞ-nin Karaçidəki konsulluq binasına daxil olmağa çalışdılar. Polislə toqquşma nəticəsində etirazçılar arasında ölən və yaralananlar da oldu. Ona görə də İrana qarşı müharibənin dayandırılması Pakistan üçün həyati əhəmiyyət daşıyırdı”.

Politoloq onu da vurğulayıb ki, paralel olaraq Pekin də müharibənin dayandırılmasına çalışırdı: ““Associated Press” agentliyinin məlumatına görə, Pekin Tehranı ABŞ ilə atəşkəs razılaşmasına inandıra bilib. Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatlına görə, Pekində hesab edirlər ki, ABŞ İran neftinin satışı üzərində nəzarət istəyindən əl çəkməyib və bu siyasət Çinə qarşı yönəlib. Halbuki, atəşkəs razılaşmasına görə, Vaşinqton İrana öz neftini satmağa mane olmayacaq. Digər tərəfdən Hörmüz boğazının tankerlərin hərəkəti üçün açılması Çin üçün əhəmiyyətlidir. Hər halda, Çin neft ehtiyatlarını artırmağa çalışacaq ki, dünyanın müxtəlif bölgələrindəki müharibələr ölkənin enerji imkanlarını tükəndirməsin”.

İrana müttəfiq ölkələrin bundan sonrakı davranışlarına gəldikdə, E.Şahinoğlu proqnozlaşdırır ki, Pekin və Moskva bundan sonra İrandakı rejimin müharibədən əvvəlki hərbi gücünün bərpasına çalışacaqlar: “İran neft əvəzinə, Rusiya və Çindən hərbi texnika almağa çalışacaq. Halbuki, İranın ötənilki müharibədən sonra Çindən aldığı hava müdafiə sistemləri işə yaramadı. ABŞ və İsrail müharibənin ilk günlərində Çindən alınan hava müdafiə sistemlərini dağıtdılar. ABŞ - İran və İsrail - İran müharibəsinin qalibi olmadı. Adı çəkilən dövlətlər bu və ya digər miqyasda itkilər verdilər. Müharibə bölgə ölkələrinin də maraqlarına toxunduğundan bu dövlətlər mübahisəli məsələlərin danışıqlar və razılaşmalar yolu ilə həllinə üstünlük verirlər”.

Elşad Paşasoy,

Musavat.com

Seçilən
1
1
musavat.com

4Mənbələr