Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 1293 nəfərdən 31 nəfər imtahana gəlməyib.İmtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 aprel 2026 cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 9 aprel saat 10:00-dan 10 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bizim.Media