Sankt-Peterburqda yerləşən “Nikolskie Ryadı” kompleksinin yeni sahibi azərbaycanlı iş adamı Əsabil Qasımov olub. Alınmış kompleksin balansında iki otel və şəhərin mərkəzində yerləşən bərpa olunmuş binada kommersiya daşınmaz əmlakı var.
Publika.az xəbər verir ki, aktivin alıcıları Şamama Qasımovaya məxsus “Sanatoriy İstoçnik” MMC (60%) və Taleh Qasımova məxsus “Ekspo” MMC (40%) olub. Şirkətlər azərbaycanlı milyarder, aqrar yönümlü “Karat Holding”in rəhbəri Əsabil Qasımovla əlaqəlidir.
Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqda mehmanxana daşınmaz əmlakı seqmentində ən iri müqavilə olub. Qeyd olunan aktivlər üçün Qasımov 3–3,5 milyard rubl (təxminən 51–59,5 milyon manat) ödəyib. Daha əvvəl “Nikolskie Ryadı” Andrey Yakuninə məxsus “Venture Investment and Yield Management” fondunun aktivlərinə daxil idi.