AZ

Dağıstanda sel və sürüşmə nəticəsində infrastruktur obyektlərinə ciddi ziyan dəydi - FOTO

BAKI, 8 aprel. TELEQRAF

Martın sonu və aprelin əvvəlində Dağıstanda müşahidə olunan intensiv yağışlar regionda irimiqyaslı daşqınlara səbəb olub.

Teleqraf xəbər verir ki, təbii fəlakət nəticəsində 2 000-dən çox evi, yolları və elektrik yarımstansiyalarını su basıb, 20-yə yaxın rayonda enerji təchizatı məhdudlaşdırılıb.

Hadisə zamanı zərərçəkənlərin sayı 15,5 min nəfərə çatıb. Aralarında 5 və 12 yaşlı iki uşaq olmaqla, ümumilikdə 6 nəfər həyatını itirib.

Mahaçqala və ətraf ərazilərdə sel suları yolları yararsız hala salıb, bəzi evlər isə sürüşmə nəticəsində dağılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü su axınlarının yaşayış evlərini ağuşuna aldığı, insanların çətinliklə xilas olduğu əks olunub.

Rusiya Prezidenti Vladimir Putin mövzu ilə bağlı hesabatları qəbul edərək, Fövqəladə Hallar naziri Aleksandr Kurenkov və Dağıstan rəhbəri Sergey Melikova zərərçəkənlərə lazımi köməkliyin göstərilməsi barədə tapşırıq verib. Aprelin 7-də mövcud vəziyyətin müzakirəsinə dair xüsusi müşavirənin keçirilməsi qərara alınıb.

Türkiyədə də son günlər davam edən güclü yağışlar nəticəsində iki nəfər həyatını itirib, şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Ölkənin Osmaniyə vilayətində leysan yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində 2 nəfər həlak olub. Kadirli rayonunda çayın məcrasından çıxması nəticəsində avtomobillər su altında qalıb, bəzi nəqliyyat vasitələrini isə sel suları aparıb. Güclü yağış Düziçi rayonunda Dəliçay üzərindəki körpünü uçurub, Karacaoğlan məhəlləsi ilə Göllülər kəndi arasındakı yol hərəkət üçün bağlanıb.

Qaziantep və Şanlıurfada da yağıntılar ciddi fəsadlar törədib, mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti çətinləşib. Regional valiliklər vətəndaşları sel, daşqın və torpaq sürüşməsi təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.

Balkanlar üzərindən gələn soyuq hava kütləsi ilə əlaqədar ölkənin 44 vilayətində qar və güclü yağış gözlənilir. Türkiyə Meteorologiya Baş İdarəsi başda İstanbul və Ankara olmaqla, bir çox şəhərlərdə əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Hər iki regionda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Seçilən
15
12
teleqraf.com

10Mənbələr