AZ

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı Cənubi Qafqazda təhlükəsizliyin və rifahın əsasıdır

Azərbaycanın Respublikasının xarici siyasətində qonşu dövlətlərlə münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və daxili işlərə müdaxilədən çəkinmə prinsipləri üzərində qurulub. Bu kontekstdə Gürcüstan ilə münasibətlər sadəcə qonşuluq deyil, strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsində olub, hər iki ölkənin dövlət maraqları bir-birini qarşılıqlı şəkildə tamamlayır. Ərazi bütövlüyünün qarşılıqlı tanınması Cənubi Qafqazda regional daxili həmrəylik üçün son dərəcə vacib amilə çevrilmişdir. Hər iki dövlət uzun illərdir beynəlxalq təşkilatlarda (BMT, Avropa Şurası, ATƏT) bir-birinin suverenliyini və ərazi bütövlüyünü sarsılmaz şəkildə dəstəkləyir. Azərbaycan və Gürcüstan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq formatlarında (məsələn, GUAM) yaxından iştirak edərək, regionun kənar təsirlərdən qorunması üçün vahid mövqe nümayiş etdirirlər. Keçmiş Qarabağ münaqişəsinin aktual olduğu dövrdə Gürcüstan həmişə Azərbaycan və Ermənistan arasında sülh prosesində neytral və effektiv platforma kimi çıxış edirdi ki, bu da regional sabitlik üçün kritik əhəmiyyət daşıyırdı. Gürcüstanda müxtəlif siyasi qüvvələrin hakimiyyətdə olduğu son 25-30 il ərzində Azərbaycanın bu dövlətlə birbaşa dialoq və etimadı qoruyub saxlaya bilməsi kənar müdaxilələrə qarşı immunitetin yaradılmasına mühüm töhfə vermişdir.

Azərbaycan və Gürcüstan birlikdə nəhəng transmilli layihələrin icraçılarıdır. Bu layihələr olmadan nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyi təsəvvür edilə bilməz. Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft və qaz kəmərləri iki ölkəni iqtisadi cəhətdən bir-birinə bağlayan əsas arteriyalardır. Cənub Qaz Dəhlizi Gürcüstanı mühüm tranzit qovşağına, Azərbaycanı isə strateji təchizatçıya çevirib. Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir (təxminən 3,7 milyard dollar). SOCAR Gürcüstanın ən böyük investorlarından biri və ən çox vergi ödəyicisidir. Qlobal geopolitik dəyişikliklər fonunda Azərbaycan və Gürcüstanın qurudan və dənizdən keçən körpü rolu kəskin artıb. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Çindən Avropaya yükdaşımaları sürətləndirən ən mühüm halqadır. Hər iki ölkə Orta Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mərkəzində yerləşir və onları Avrasiyanın nəqliyyat mərkəzinə çevirir. Logistik mərkəzlərin, limanların (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Poti/Kulevi limanları) sinxron fəaliyyəti Orta Dəhlizin perspektiv əhəmiyyətini və rəqabət qabiliyyətini daha artırır.

İki qonşu və dost ölkə arasında münasibətlərin dərinliyini təmin edən vacib amillərdən biri də xalqlar arasındakı bağlardır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki dövlət arasında “canlı körpü” rolunu oynayırlar. Hər iki ölkə multikultural dəyərlərə sahibdir və bu, cəmiyyətlərarası inteqrasiyanı asanlaşdırır.

Beləliklə, Azərbaycanın qonşu Gürcüstanla münasibətləri artıq bütöv bir tarixi mərhələdə özünü doğrultmuş praqmatik ittifaq prinsipi üzərində qurulub. Bu əməkdaşlıq tərəflərdən birinin zəifləməsinin digərinin də maraqlarına zərbə vura biləcəyi qədər dərindir. Bu gün bu iki dövlət Cənubi Qafqazın iqtisadi lokomotivi və sabitlik sütunu rolunu oynayır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının sadəcə ikitərəfli formatdan çıxıb, yalnız Cənubi Qafqazın deyil, eyni zamanda Avrasiyanın yeni iqtisadi və təhlükəsizlik arxitekturasının mərkəzi hissələrindən birinə çevrildiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birlikdə görüş çərçivəsində Tbilisidə mətbuata bəyanatında səslənən fikirlər bunu aşkar şəkildə təsdiqləyir. Bu bəyanat qlobal müstəvidə iki ölkənin dünya enerji xəritəsindəki əvəzedilməz rolunu təsdiqləyir. Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi və bu yolun məhz Gürcüstandan başlaması hər iki ölkəni Avropanın enerji təhlükəsizliyinin qarantına çevirir. Qlobal tədarük zəncirlərinin qırıldığı bir dövrdə Orta Dəhlizin əsas nəqliyyat damarı kimi qeyd edilməsi, Şərqlə Qərb arasında ən təhlükəsiz və qısa yolun bu iki ölkədən keçdiyini dünyaya elan edir. Xəzərin şərq sahillərindən (Mərkəzi Asiya) resursların bu xəttə cəlb edilməsi də qlobal logistik asılılıqları azaldan strateji gedişdir.

Azərbaycanın dövlət başçısının çıxışında Cənubi Qafqazda regional təhlükəsizlik mövzusu “tamamilə yeni vəziyyət” ifadəsi ilə xarakterizə olunaraq bunu həyati əhəmiyyəti xüsusi vurğuladı: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”.

Azərbaycanla Ermənistan arasındakı sülh prosesi haqqında danışan Azərbaycan Prezidenti bu prosesin praktikada gücləndirilməsi üçün ticari əlaqələri mühüm istiqamət kimi vurğuladı. Azərbaycan sülhün yalnız kağız üzərində deyil, ticarət və iqtisadi asılılıqlar vasitəsilə möhkəmləndirilməsini praqmatik sülh modeli kimi görür. Bu baxımdan bəyanatda maraqlı məqamlardan biri də hazırda Ermənistan və Azərbaycan arasındakı ticarətin Gürcüstan vasitəsilə həyata keçirilməsinin səsləndirilməsi idi. Başqa sözlə, dünyadakı müharibələr fonunda Cənubi Qafqazın kənar müdaxilələr nəticəsində uzunmüddətli hərbi-siyasi narahatlıq dövründən sonra qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilməsi regionun investisiya cəlbediciliyini də xeyli artırır.

İki dövlət arasında artıq ənənəyə çevrilmiş siyasi məsləhətləşmələr, qonşu dövlətdə 2024-cü ilin oktyabrında baş tutmuş son parlament seçkiləri zamanı və ondan sonrakı dövrdə ölkəmizin son dərəcə praqmatik, obyektiv və müdrik siyasəti Azərbaycan və Gürcüstan arasındakı münasibətləri “qonşular üçün nümunə” səviyyəsinə qaldırmışdır. Daha da konkretləşdirsək, Azərbaycanın Gürcüstandakı siyasi sabitliyi və mövcud hökumətin siyasətini açıq şəkildə dəstəkləməsi rəsmi Bakı və Tbilisi arasında tam etimadın göstəricisi kimi çox əhəmiyyətlidir.

İki ölkə arasında 2025-ci ildə ticarət dövriyyəsinin 800 milyon dolları ötməsi, bu il isə 1 milyard dollara yaxınlaşmasına dair gözləntilər iqtisadi bağların real sektorlara effektiv şəkildə sirayət etdiyini göstərir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən bəlli olur ki, energetika sahəsi, ölkəmizin perspektivdə “yaşıl enerji”yə prioritet istiqamət olaraq baxdığını da nəzərə alsaq, Gürcüstanla iqtisadi münasibətlərdə uzun müddət öz üstünlüyünü saxlayacaqdır: “Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir”. Onu da qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri ilə yanaşı, bəyanatda yer alan üçüncü ölkələrə birgə sərmayə qoyuluşu perspektivi bu ittifaqın artıq regional çərçivəni aşaraq beynəlxalq iqtisadi oyunçuya çevrilmək iddiasını ortaya qoyur.

Beləliklə, Prezident İlham Əliyevin Gürcüstana son səfəri və səfər çərçivəsində mətbuat üçün səsləndirdiyi bəyanat bir daha sübut edir ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sadəcə iki qonşu dövlətin əməkdaşlığı deyil, Cənubi Qafqazın sabitliyini təmin edən fundamental strateji ittifaqdır. Tarixi köklərə söykənən bu dostluq müasir dövrdə nəhəng enerji və nəqliyyat layihələri ilə daha da möhkəmlənərək Avrasiyanın logistik xəritəsini yenidən formalaşdırır. Hər iki dövlətin bir-birinin ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstək və yüksək səviyyəli siyasi etimad mühiti regional təhlükəsizlik arxitekturasının ən etibarlı sütununu təşkil edir. Bakı və Tbilisidən keçən enerji və nəqliyyat-kommunikasiya marşrutları bu iki ölkəni qlobal iqtisadiyyatın vazkeçilməz oyunçularına çevirmişdir. Gələcək perspektivdə bu tərəfdaşlığın genişlənməsi təkcə iki xalqın rifahına deyil, həm də bütün regionun sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edəcəkdir. Bu nümunəvi münasibətlər modeli göstərir ki, qarşılıqlı etimad və ortaq mənfəətlər üzərində qurulan siyasət ən mürəkkəb geosiyasi şəraitdə belə davamlı inkişafın yeganə yoludur.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent

Seçilən
3
1
ikisahil.az

2Mənbələr