AZ

ABŞ-İran danışıqları aprelin 10-da Pakistanda keçirilə bilər

Müharibəyə son qoymaq məqsədi daşıyan ABŞ və İran arasında üzbəüz danışıqların ilk mərhələsinin aprelin 10-da Pakistanın paytaxtı İslamabadda baş tutması gözlənilir. Bu barədə Amerika xəbər platforması Axios iki mənbəyə istinadən məlumat yayıb.

Bildirildiyinə görə, bu, ABŞ, İsrail və İran arasında münaqişənin başlanğıcından bəri Vaşinqton və Tehran arasında ilk birbaşa danışıqlar olacaq.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iki həftəlik müvəqqəti atəşkəsə səbəb olan prosesdə əsas rol oynadığı bildirilir.

Qeyd olunur ki, Trampın kürəkəni və onun keçmiş baş müşaviri Cared Kuşner də danışıqlarda iştirak edir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 10 apreldə keçirilməsi planlaşdırılan danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilir.

Bu arada, Ağ Evin mətbuat katibi Kerolin Levitt Axios-a bildirib ki, "danışıqlarla bağlı əlaqələr var, lakin Prezident Tramp və ya Ağ Ev tərəfindən rəsmi açıqlama olana qədər heç nə qəti hesab edilə bilməz".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açılması şərti ilə İranla iki həftəlik qarşılıqlı atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.

İran hakimiyyəti öz növbəsində 15 günlük atəşkəs çərçivəsində Pakistanda ABŞ və İsrail ilə danışıqları başa çatdırmağı gözlədiklərini bildirib.

Bu arada, Pakistanın Baş naziri Şahbaz Şərif Amerikanın X şirkətinin sosial media hesabında danışıqlar prosesini irəli aparmaq üçün hər iki tərəfdən nümayəndə heyətlərini  aprelin 10-da İslamabada gəlməyə dəvət etdiyini açıqlayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr