Bakı. TurkicWorld
Energetika naziri Pərviz Şahbazovla Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında görüş keçirilib.
Bu barədə TurkicWorld-a Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Serbiya dövlət başçılarının yüksək siyasi münasibətlərinin ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb. Bu ilin fevral ayında Belqrad şəhərində Azərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının və qaz-turbin elektrik stansiyası üzrə imzalanmış Hökumətlərarası Sazişin enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub. Həmçinin bu ilin martında keçirilmiş energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasına toxunulub.
Görüşdə neft-qaz, energetika infrastrukturu, elektrik enerjisinin istehsalı, enerji səmərəliliyi, bərpa olunan enerji və istilik təchizatı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. İki ildən artıq müddətdə Azərbaycandan Serbiyaya 444,6 milyon kubmetr qaz ixrac olunduğu bildirilib. Serbiyada qazla işləyən elektrik stansiyası layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
Söhbət zamanı Serbiya tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.