Mövsüm sona yaxınlaşdıqca istər çempionluq, istərsə də ölkə kuboku uğrunda yarış qızışır.
Bu mübarizədə əsas diqqət “Qarabağ” və “Sabah” üzərindədir.
Son illərin dəyişməz çempionu “Qarabağ”ın taxtı artıq çox ciddi sallanmaqdadır. Əslində, bunda qeyri adi heç nə yoxdur. Ağdam təmsilçisinin qarşısında “Sabah” kimi ciddi rəqib var.
Əslində, “bayquşlar” əvvəlki illərdə də “Qarabağ”a öz dişini göstərə bilmişdi. Komanda hətta ölkə çempionatında orta sıralarda getdiyi dövrlərdə də Ağdam klubu ilə şəxsi oyunlarda əzmkar, başa-baş mübarizə aparırdı.
Amma bu mübarizə 2022/23 mövsümünü çıxmaq şərtilə turnir cədvəlində özünü əks etdirmirdi. Komandanın əvvəlki illərdə liqada daha yaxşı nəticə göstərməsinə hakim idarəçiliyinin də böyük rolu olmuşdu.
Təsadüfi deyil ki, “Sabah” dəfələrlə bu cür qərarlarla bağlı bəyanat, açıqlama yaymışdı. Əvəzində isə əsas rəqiblərindən bəziləri məhz “ədalət təmsilçi”lərinin dəstəyi ilə mövsümü “uğurlu” başa vurmağa nail olurdular.
Cari mövsümdə bəzi oyunlarda yenə “Sabah”a qarşı hakim səhvləri görünsə də, bu, əvvəlki mövsümlərdəki kimi deyil.
Zaman göstərdi ki, kənar müdaxilələr olmayanda “Sabah” istər gözəl futbolu ilə, istərsə də uğurlu nəticələrlə çempionata rəng qatmağı bacarırır.
Amma bu amil kimlərisə narahat edir. “Sabah”a qarşı hakimlərin qaydalar çərçivəsində qəbul etdiyi qərarları həzm etmək istəmir, könüllərindəki komandanın çempionluğu üçün hətta “Sabah”a qarşı beynəlxalq oyun qaydalarına da tüpürülməsinə can atırlar.
Yaşıl meydanda bu komandanı sındıra bilməyəcəklərini başa düşənlər, başqa yollara əl atır, jurnalist etikasına, araşdırma qabiliyyətinə malik olmayan şəxslər vasitəsilə istər sosial şəbəkələrdə, istərsə də müxtəlif verilişlərdə “Sabah”a qarşı qara piar aparmağa cəhd edirlər.
Nə imiş, guya hansısa oyunda “Sabah”a hakim köməyi olubmuş. İddia edilən oyunların hamısında da demək olar bütün təcrübəli hakimlər doğru qərar verildiyini təsdiq edirlər.
Bəs oyun qaydaları “Sabah”la bağlı doğru qərarlar verildiyini dediyi halda bu cür söz-söhbət yaymağa çalışanlar nəyə xidmət edirlər?
Görünən odur ki, bu, gələcək çirkli planın bir parçası ola bilər. Mövsüm sona yaxınlaşdıqca “Sabah”a qarşı əvvəlki mövsümlərdə də gördüyümüz hakim müdaxiləsi ehtimalları artır.
Çox güman, bəzi öyrədilmiş şəxslər tərəfindən bu cür söz-söhbətlər ortaya atılaraq gələcəkdə baş verə biləcək ədalətsizliyə indidən haqlı don geyindirməyə çalışırlar.
Qərəzsiz insanlar isə hər şeyi görür. Elə məhz bu cür qeyri-ciddi iddiaların şərh bölməsinə baxmaq kifayətdir.
Azərbaycan futbolunu yaxından izləyən şəxslər “Sabah”ın sərgilədiyi futbolla hazırda tutduğu mövqeyə tam layiq olduğunu görür və bu komandaya qarşı edilən qərəzli hücumların mahiyyətini dərk edirlər.
“Sabah” da bir klub kimi bu cür kampaniyalara maksimum hazır olmalıdır. Ciddi uğurlara gedən yolda bu cür kol-kos da olacaq.
Xəlil Sadıq