AZ

"ABŞ İrana qarşı ədalətsiz müharibədə tarixi məğlubiyyətə uğradı" - İranın Ali Milli Təhlükəsizlik Şurası

"İki həftəlik fasilə arxasında gərgin danışıqlar və qarşılıqlı ittihamlar dayanır..."

"ABŞ İran xalqına qarşı apardığı qeyri-qanuni və ədalətsiz müharibədə tarixi məğlubiyyətə uğrayıb".

Moderator.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda bildirilir. Məlumatı "dw.com" nəşri yayıb.

İranın sərt bəyanatı və danışıqlara ehtiyatlı yanaşma

Rəsmi Tehran iddia edir ki, qarşı tərəf artıq bir aydan çoxdur "İranın intensiv cavab zərbələrinin dayandırılması üçün yalvarır". Bəyanata görə, tərəflər arasında növbəti danışıqlar 10 aprel tarixində İslamabad şəhərində keçiriləcək və İran bu prosesə "ABŞ-a tam etimadsızlıq şəraitində" qatılacaq.

İran tərəfi həmçinin vurğulayır ki, ABŞ Tehran tərəfindən irəli sürülmüş 10 maddəlik təkliflə razılaşmağa məcbur olub. İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, əgər ölkəyə qarşı hücumlar dayandırılarsa, İran da hərbi əməliyyatlarını dayandıracaq. O, əlavə edib ki, Hörmüz boğazı iki həftə ərzində yalnız müəyyən koordinasiya və texniki şərtlər daxilində açıq olacaq.

Pərdəarxası diplomatiya: gizli mesajlar və vasitəçilər

"Axios" nəşrinin yazdığına görə, bu atəşkəs açıq bəyanatlardan çox, pərdəarxasında aparılan mürəkkəb və gərgin diplomatik prosesin nəticəsidir. Həlledici rolu İranın ali lideri Seyid Möctəba Xamenei oynayıb. O, ilk dəfə olaraq müharibə başlayandan bəri razılaşmaya doğru siqnal verib.

Mənbələrin məlumatına görə, təhlükəsizlik səbəbindən Xamenei birbaşa əlaqədən qaçaraq kuryerlər vasitəsilə yazılı qeydlərlə ünsiyyət qurub. Onun razılığı "qırılma nöqtəsi" hesab olunur - bu olmadan atəşkəs mümkün olmazdı.

Danışıqlarda Pakistan, eləcə də Misir və Türkiyə diplomatları vasitəçi rolunu oynayıb. İran nümayəndə heyətinə Araqçl rəhbərlik edib və o, həm də hərbi dairələri kompromisə razı salmağa çalışıb.

Trampın qərarı və kövrək razılaşmanın gələcəyi

ABŞ prezidenti Donald Tramp iki həftəlik atəşkəsə razılaşdığını açıqlayıb və bildirib ki, tərəflər mübahisəli məsələlərin böyük hissəsində yaxınlaşıb. Onun sözlərinə görə, təqdim olunan plan "danışıqlar üçün işlək əsasdır".

Məlumata görə, son qərar sürətlə qəbul edilib - Trampın açıqlamasından cəmi 15 dəqiqə sonra ABŞ qüvvələrinə geriyə çəkilmək əmri verilib. Bu prosesdə vitse-prezident Cey Di Vens koordinasiya rolunu oynayıb, İsrailin baş naziri Benyamin Netanyahu isə Vaşinqtonla sıx təmasda olub.

Bununla belə, qarşıdakı mərhələ daha mürəkkəb görünür. ABŞ İranın nüvə proqramından və ballistik raketlərdən imtinasını tələb edir, Tehran isə hələlik bu məsələdə geri çəkilmir. Bu səbəbdən iki həftəlik atəşkəs daha çox vaxt qazanmaq və daha geniş razılaşma üçün zəmin yaratmaq cəhdi kimi qiymətləndirilir.

Seçilən
19
50
moderator.az

10Mənbələr