AZ

Uşaqlar arasında suçiçəyi: valideynlər diqqətli olmalıdır

Son günlər uşaqlar arasında suçiçəyi virusunun yayılması müşahidə olunur. Mütəxəssislər bildirir ki, bu infeksiya əsasən kollektiv mühitlərdə daha sürətlə yayılır və valideynlər diqqətli olmalıdır.

Bəs, xəstəlikdən necə qorunmaq olar? 

Mövzu ilə bağlı Day.Az-a danışan pediatr Gülnar Abdullayeva bildirib ki, suçiçəyi virus infeksiyasıdır və uşaqlar arasında çox geniş yayılıb. Onun sözlərinə görə, xəstəlik hava-damcı yolu ilə ötürülür və ilk günlərdə halsızlıq, iştahsızlıq, qızdırma kimi əlamətlərlə özünü göstərə bilər, bəzi hallarda isə qızdırma müşahidə olunmur.

Həkim qeyd edib ki, suçiçəyi zamanı bədəndə sulu səpkilər əmələ gəlir və zamanla bütün bədənə yayılır. "Bu səpkilər qaşıntılı olur, ağızın içində, selikli qişalarda və başın tüklü hissəsində də müşahidə edilə bilər", - deyə o əlavə edib.

G.Abdullayeva vurğulayıb ki, xəstəliyin spesifik müalicəsi yoxdur, əsasən qaşıntının və qızdırmanın azaldılması üçün siroplar tövsiyə olunur. Onun sözlərinə görə, suçiçəyindən qorunmaq üçün peyvənd mövcuddur və peyvəndlənmə yoluxmanın qarşısını almaqda effektivdir.

Pediatr həmçinin insanların çox olduğu məkanlarda gigiyena qaydalarına riayət etməyin, evə daxil olduqdan sonra əllərin yuyulmasının və otaqların mütəmadi havalandırılmasının vacibliyini diqqətə çatdırıb. O əlavə edib ki, uşaqlar üçün xüsusi pəhrizə ehtiyac yoxdur, sağlam qidalanma ilə onlar daha tez sağala bilərlər.

Seyranə Quliyeva

Seçilən
25
day.az

1Mənbələr