Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs razılaşması Vaşinqtonda ciddi müzakirələrə səbəb olub. Yerli media yazır ki, bu yanaşma Tramp administrasiyasının əvvəlki sərt mövqeyi fonunda mühüm dönüş kimi dəyərləndirilir.
ABŞ siyasi və ekspert dairələrində bir tərəf bunu diplomatik irəliləyiş kimi qiymətləndirsə də, digər tərəf ciddi risklərdən danışır.
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri, istefada olan general-leytenant Herbert McMaster bildirib ki, əsas prioritet İranın regional təsir imkanlarının genişlənməsinin qarşısını almaqdır.
Onun fikrincə, bu məqsədə nail olmaq üçün yalnız diplomatik razılaşmalar kifayət etmir:“Bu, yalnız İran rejiminin mahiyyətində fundamental dəyişikliklər baş verərsə mümkün ola bilər”.
MakMaster həmçinin hesab edir ki, ABŞ-İsrail hərbi əməliyyatları İran hakimiyyətinin dayaqlarına ciddi zərbə vurub və bu, uzunmüddətli perspektivdə rejimin zəifləməsinə gətirib çıxara bilər.
Digər tərəfdən, eks-prezidentlərin müşaviri olmuş, məşhur analitik Robert Pape isə baş verənlə ABŞ üçün “Vyetnam müharibəsindən bəri ən böyük strateji itki” adlandırıb.
Onun fikrincə, məsələ artıq kimin qalib gəlməsindən daha geniş çərçivədə qiymətləndirilməlidir: “Əsas sual budur: qlobal enerji sisteminin sabitliyi artıq İranın qərarlarından asılı vəziyyətə düşürmü?”
Pape vurğulayır ki, əgər bu tendensiya davam edərsə, beynəlxalq münasibətlər sistemində ciddi struktur dəyişiklikləri baş verə bilər.
Müzakirələrin mərkəzində duran əsas məsələlərdən biri də Hörmüz boğazıdır. Dünyanın ən strateji enerji marşrutlarından biri olan bu su yolu üzərində nəzarət məsələsi həm ABŞ, həm də İran üçün kritik əhəmiyyət daşıyır.
İran tərəfi boğaz üzərində müəyyən nəzarətin saxlanmasını tələb edir, ABŞ isə burada tam sərbəst və təhlükəsiz tranzitin təmin olunmasını əsas şərt kimi irəli sürür. Bu məsələ danışıqların taleyini müəyyən edəcək əsas faktor kimi qiymətləndirilir.
Vaşinqton Yaxın Şərq İnstitutunun eksperti Robert Satloff hesab edir ki, ABŞ hələ bu qarşıdurmada strateji qələbə qazanmayıb.
Onun fikrincə, əldə olunan hərbi uğurlar uzunmüddətli nəticələrə çevrilməlidir: “Qələbə yalnız o zaman mümkün olacaq ki, ABŞ İranın nüvə ambisiyalarını məhdudlaşdırsın və enerji marşrutlarının təhlükəsizliyini təmin etsin”.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.