Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Peşə təhsilinin ölkədə yüksəlməsi çox müsbət haldır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, insanların əlində müxtəlif “kartlar” olur və onlar həmin kartlardan müxtəlif zamanlarda istədikləri şəkildə istifadə edə bilirlər. Şagirdlərimizin əlinə də bu kartlardan verməliyik. Bu kartlardan biri peşə, digəri ali təhsil, başqa biri magistratura, doktorantura və müxtəlif sahələrdir. Həmçinin incəsənət də bu kartlardan biridir. Bir insanın bu kartları nə qədər çox olarsa, onun həyatda özünə mövqe tapması və iş tapması bir o qədər asan olur".
Bu fikirləri Redaktor.az-a universitet yoxsa peşə təhsili seçimi haqqında danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi.
Müsahibimiz qeyd etdi ki, ali təhsil və ya peşə təhsili arasında qərar verərkən, insan ilk növbədə özünə baxmalıdır:
"Əvvəlcə daxilinə nəzər salmalı, nə istədiyini müəyyən etməli və özünü kəşf etməyə çalışmalıdır. Uzun müddət oturub dərs oxumağa, tədqiqata, akademik yazıya və ümumilikdə elmi fəaliyyətə meyilli olub-olmadığını dəyərləndirməlidir. Digər tərəfdən, daha çox kinetik bacarıqlara malik olub-olmadığını, motorika qabiliyyətlərinin güclü olub-olmadığını müəyyən edərək və fəaliyyət içində öyrənmənin onun üçün daha asan olub-olmadığını nəzərə almalıdır. Həyata tez atılmaq və daha tez qazanc əldə etmək istəyi də bu seçimdə rol oynayır. Belə xüsusiyyətlər üstünlük təşkil edirsə, peşə təhsili daha uyğun seçim hesab olunur. İnsan öz daxili aləmində “mən nə istəyirəm, nəyə yatqınam, marağım hansı istiqamətdədir?” suallarına cavab tapa bilirsə, qərar verməsi xeyli asanlaşır. Məlumdur ki, ali təhsil yolu ilə inkişaf və karyera quruculuğu daha uzunmüddətli prosesdir. Bu mərhələyə bakalavr, magistratura və bəzən doktorantura daxildir. Bu isə o deməkdir ki, orta məktəbi bitirdikdən sonra insanlar dörd-altı il ərzində əsasən təhsillə məşğul olur, yalnız bundan sonra iş həyatına başlayır və qazanc əldə edir".

Ekspert vurğuladı ki, peşə təhsilində isə bu müddət daha qısa olur və bir neçə ildən sonra artıq peşə fəaliyyətinə başlamaq mümkün olur:
"İnsan həmin sahədə çalışaraq özünü inkişaf etdirir. Buna görə hesab edirəm ki, şagirdlər orta məktəbi bitirənə qədər, hətta ümumi orta təhsil müddətində hər bir şəxs ən azı bir peşə öyrənməlidir. Bu, onların ali təhsil almasına mane olmur. Əksinə, peşə bacarığı qazandıqdan sonra insan həm ali təhsil alarkən işləyə bilər, həm də ali təhsil almadan birbaşa həmin sahədə inkişaf edə bilər. Nəticə etibarilə, peşə şagirdlər üçün bir “bilərzik” rolunu oynayır və bu bacarığın onlara qazandırılması gələcəkdə üstünlük yaradır".
NURİYYƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.