AZ

Media: Türkiyə Çinin BYD şirkətini 1 milyard dollar cərimələyə bilər

Ankara, 8 aprel, AZƏRTAC

Türkiyə hakimiyyəti ildə 150 min avtomobil istehsal edəcək zavodun açılması ilə bağlı sazişin şərtlərinə əməl etmədiyinə görə Çinin BYD avtomobil istehsalçısını cərimələyə bilər.

AZƏRTAC “Türkiye” qəzetinə istinadla xəbər verir ki, razılaşmanın bağlanması anından təxminən iki il sonra (8 iyul 2024-cü il) Türkiyənin Manisa əyalətindəki gələcək zavodun ərazisində heç bir iş aparılmayıb, hərçənd BYD bundan əvvəl bir il ərzində 5 min işçisi olacaq müəssisə tikməyi öhdəsinə götürmüşdü.

Türkiyə Ticarət Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, Çin şirkəti zavodun tikintisi başa çatana və seriya istehsalı başlayana qədər kvota çərçivəsində Türkiyədə müəyyən sayda avtomobili tədarük etmək və satmaq hüququna malik idi.

İdxal kvotasının müddəti bitib, müqavilənin şərtlərinə əməl etməyən BYD isə Çin avtomobil istehsalçısının vəd etdiyi investisiyaya bərabər olan 1 milyard dollar cərimələnə bilər.

Türkiyənin sənaye və texnologiyalar naziri Fatih Kacir bundan əvvəl bildirmişdi ki, BYD-nin investisiyaları məsələsi diqqət mərkəzindədir, şərtlərə əməl etmədiyi təqdirdə investora sanksiyalar tətbiq oluna bilər.

BYD-nin vergi güzəştlərinin ləğvi fonunda brendin Türkiyədəki satışları kəskin şəkildə aşağı düşüb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
18
1
azertag.az

2Mənbələr