ABŞ-də İsrailin İranda “rejim dəyişikliyi” planı sərt tənqid edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
İsrail tərəfindən təklif olunan İrana qarşı hərbi plan ABŞ Prezidenti Donald Trampın administrasiyasında ciddi fikir ayrılığına səbəb olub.
İsrail sürətli hərbi uğur, daxili üsyan və müttəfiq qüvvələrin, o cümlədən kürd döyüşçülərinin və İranın sonuncu şahının varisinin iştirakı ilə Tehranda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib.
Lakin Amerika xüsusi xidmət orqanları bu planı kəskin tənqid edib. MKİ təmsilçiləri ssenariləri “qeyri-real” adlandırıb. Dövlət katibi Marko Rubionun isə təşəbbüsü “tamamilə cəfəngiyyat” kimi qiymətləndirdiyi bildirilir.
Administrasiyanın digər yüksək rütbəli fiqurları da bu plana qarşı çıxıb: vitse-prezident Vens regional xaos və böyük itki riskləri barədə xəbərdarlıq edib. Qərargah rəisi Den Keyn isə İsrailin öz planlarını tez-tez “mübaliğəli və natamam” hazırladığını qeyd edib.
Administrasiya daxilindəki skeptisizmə baxmayaraq, Tramp hərbi əməliyyatın hazırlanmasını davam etdirmək qərarına gəlib. Bununla belə, o, rejimin sürətli devrilməsi ideyasından imtina edib.
İndi əsas vurğu İranın hərbi potensialının məhv edilməsi və rəhbərliyinin zərərsizləşdirilməsi üzərində cəmlənib.
Mənbələrin məlumatına görə, yekun qərar fevralın sonunda keçirilən qapalı iclasda qəbul edilib.
Xuraman Etibarlı
İnterpress.az