AZ

İpoteka ilə ev alan hərbçilərə VACİB XƏBƏR: Dövlət tərəfindən ev verilməsi…

Azərbaycanda hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olan məsələlərdən biridir. Son dövrlər isə ipoteka yolu ilə mənzil əldə edən hərbçilərə əlavə olaraq dövlət tərəfindən ev verilməsi ictimai marağı daha da artırıb və bu istiqamətdə müxtəlif gözləntilər formalaşdırıb.

Bəs görəsən, ipoteka ilə mənzil alan hərbçilərə xidmətlərinə görə əlavə ev hədiyyə edilməsi hüquqi baxımdan mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, mövcud qanunvericiliyə əsasən, ipoteka krediti ilə mənzil alan hərbçilərə əlavə olaraq ev hədiyyə edilməsi nəzərdə tutulmayıb.

Hüquqşünas

Onun sözlərinə görə, hərbçilər üçün tətbiq olunan ipoteka mexanizmi artıq xüsusi güzəştləri özündə ehtiva edir.

“İpoteka krediti hərbçilərə məhz onların statusuna görə təqdim olunur. Bu kreditlər illik 4 faiz dərəcəsi ilə verilir ki, bu da bazar şərtləri ilə müqayisədə kifayət qədər aşağıdır və sosial dəstək kimi qiymətləndirilə bilər. Bu baxımdan əlavə olaraq mənzilin hədiyyə edilməsi hüquqi çərçivədə mümkün deyil”, – deyə o, vurğulayıb.

Hüquqşünas qeyd edib ki, dövlətin əsas məqsədi hərbi qulluqçuların sosial rifahının, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılmasıdır.

“Bu istiqamətdə isə əsas alət kimi güzəştli ipoteka proqramlarından istifadə olunur.
Müdafiə Nazirliyi və ya digər dövlət qurumları tərəfindən ipoteka ilə mənzil əldə etmiş hərbçilərə əlavə yaşayış sahəsinin verilməsi üçün ayrıca hüquqi mexanizm mövcud deyil”.

Beləliklə, hazırkı qanunvericilik çərçivəsində ipoteka yolu ilə ev sahibi olmuş hərbçilərə xidmətlərinə görə əlavə olaraq mənzil hədiyyə olunması mümkün hesab edilmir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr