“Müsahibə verərkən özümdə deyildim. Əsəbiləşmişdim deyə dedim ki, 3-5 arvad alacağam. Bunlar boş söhbətlərdir, mən uşağımı heç kimə pay verməmişəm”.
Bunu Musavat.com-a açıqlamasında Sumqayıtda 6 uşağı dəm qazından zəhərlənən Kamil Cəbrayılov deyib.
“Gəlib dirəndilər ki, hanı o biri uşaq. Mən də dedim ki, evdə yoxdur. Guya, qohumuma vermişəm. Mənim 8 uşağım var idi, 1-i dünyasını dəyişdi. 9-cu uşaq isə hələ ana bətnindədir. Gəlib ananı da dindirsinlər, görsünlər kiməsə pay verilibmi. Hansı zəmanədə yaşayırıq ki, bunu araşdırmaq mümkün olmasın”, - o qeyd edib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, səsləndirilən həmin iddialar nəzarətə götürülüb və araşdırma predmetidir:
“Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə müvafiq yoxlamalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcək”.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri yaş yarımlıq körpə ölüb. Ailənin 9 uşağı olduğu bildirilir.
K. CƏbrayılov APA Tv-yə müsahibəsində bir övladını pay verdiyini deyib. Qeyd edək ki, o, yaş yarımlıq övladının dəfni zamanı canlı yayım açmasına görə də sərt tənqid olunmuşdu.
Şahanə Rəhimli
Musavat.com