“Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr üçün belə bir klinikanın açılması çox ciddi mərhələdir. Ən böyük dəyişiklik ondan ibarətdir ki, tələbələr praktiki təcrübəni real pasiyent üzərində, klinik mühitdə öyrənəcəklər”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov açıqlayıb.

Baş həkim qeyd edib ki, tibbdə ən vacib məsələlərdən biri də praktikadır. Tələbələr universitet dövründə klinik təcrübə keçsələr də, müasir və yaxşı təşkil olunmuş klinika onların bu imkanlarını daha da genişləndirir. D.Məmmədov bildirib ki, klinikada tələbələr xəstələrin müayinəsində iştirak edir, həkimlərin qərarvermə prosesini canlı izləyir, müasir tibbi avadanlıqlarla və komanda şəklində işləməyi mənimsəyir. Bu isə onların gələcəkdə daha hazırlıqlı həkim kimi formalaşmasına ciddi təsir edir.
Ən vacib məqamlardan biri də odur ki, tələbələr erkən mərhələdən cərrahi və klinik prosesləri görürlər. Onlar əməliyyatlara asistent kimi qatılırlar, pasiyentin əməliyyata hazırlanmasını və sonrakı bərpa prosesini izləyirlər, rekonstruktiv və estetik əməliyyatların fərqini praktik olaraq öyrənirlər.
Bu təcrübə kitabda oxunan bilikdən çox daha təsirlidir və yadda qalıcı olur.
Bundan əlavə, belə klinika tələbələrə öz sahəsini daha tez seçmək (məsələn, plastik cərrahiyyə, terapiya və s.), gələcəkdə rezidenturaya daha hazır, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olmaq imkanı verir. Ümumiyyətlə, ATU-da təhsil yalnız nəzəri deyil, həm də klinik baza üzərində qurulduğu üçün bu cür mərkəzlər tələbələrin inkişafında əsas rol oynayır.