AZ

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib 

Aprelin 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Kollegiyanın Mətbuat xidmətindən bildirilib ki, iclasda gündəliyə uyğun olaraq bir sıra məsələlərə baxılıb. Belə ki, bəzi vəkillərin öz xahişləri əsasında vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul olunmaları ilə əlaqədar fəaliyyətlərinin dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad olunmaları və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə edilib.

Eyni zamanda bəzi vəkillərin vəkil kabineti yaratmaları, fəaliyyət göstərdikləri ünvanın dəyişdirilməsi, eləcə də digər vəkil qurumlarına keçidləri ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil olan müraciət müzakirə olunub. Hüquq fakültəsi tələbələrinin beynəlxalq səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq, bu məqsədlə maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edilib.

Bundan əlavə, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.  Yol verilmiş intizam pozuntularına görə 1 vəkil kollegiyadan xaric edilib, 1 vəkil barəsində isə cərimə tətbiq olunub.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Seçilən
9
21
azerbaijan-news.az

10Mənbələr