AZ

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən 341 vakansiya təqdim edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş yarmarkada mərkəzin tələbə və məzunları ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları, İctimai İaşə və Xidmət, Mədəniyyət və Sənətkarlıq, Dəmir Yolu və Metropoliten, Turizm və Sosial Xidmətlər, Emal Sənayesi, Tikinti və Quraşdırma İşləri, Aviasiya və Avtomobil Nəqliyyatı, eləcə də Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərinin tələbə və məzunları da iştirak ediblər.

Aktiv məşğulluq tədbirində 30 işəgötürən tərəfindən 341 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bununla yanaşı, tədbirdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr haqqında da məlumat verilib.

Əmək yarmarkasında agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə təmsil olunublar. İştirakçılara peşə hazırlığı kursları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.

Müxbir - Günel Türksoy

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - Namiq Abdullayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
5
azertag.az

6Mənbələr