Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda 6 və 7 yaşlarında iki azyaşlı 1 qadının ölümü, digərinin isə yaralanması ilə nəticələnən nəqliyyat qəzasına səbəb olub. İşlək vəziyyətdə qalan avtomobil azyaşlıların müdaxiləsi ilə hərəkətə keçib. Nəticədə 28 yaşlı qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Qəzaya səbəb olanların azyaşlı olduğu nəzərə alınaraq hadisə qanunvericiliklə necə qiymətləndiriləcək?
Hüquqşünas Ramil Süleymanov Manset.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən cinayət işi başlanacaq:

“Müəyyən araşdırmalar tətbiq olunduqdan sonra isə Cinayət-Prosessual Məcəlləsinin 39.1.4-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddində olmadıqda uşaqlarla bağlı hissəyə xitam veriləcək”.
Hüquqşünas qeyd edib ki, avtomobilin faktiki mülkiyyətçisi olan valideyn də məsuliyyətə cəlb oluna bilər:
“Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən valideyn də cinayət məsuliyyəti daşıyır. Çünki o, istismar qaydalarını pozub. Ekspertizanın nəticəsindən asılı olaraq onunla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi və eyni zamanda digər sağ qalan şəxslərin bədən xəsarətlərinin ağırlıq dərəcəsinə uyğun olaraq digər cinayət işi maddələri də əlavə olunacaq. Bildirmək istəyirəm ki, cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə aparılacağı təqdirdə avtomobili nəzarətsiz qoyan və istismar qaydalarının pozulmasına səbəb olan valideyn 3 ilə qədər müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqdır. Bundan başqa həmin valideynin xəsarət alan 2 qadının ailəsinə maddi məsuliyyəti də yaranır. Maddi məsuliyyət ondan ibarətdir ki, həmin şəxslərin vəfatı və ya sağlamlığının bərpası üçün çəkilən xərclər avtomobilin faktiki sahibi tərəfindən qarşılanmalıdır”.
Fidan Vəlisoy