AZ

İran-ABŞ müharibəsini dayandıran Şahbaz Şərif – “İslamabad masası” qurulur

ABŞ–İsrail koalisiyasının İrana qarşı apardığı hərbi əməliyyatların 39-cu günündə regionda gözlənilməz dönüş baş verdi. Bu gün səhərə yaxın tərəflər arasında atəşkəs razılaşması əldə olunub. Bir sözlə, savaşın “qırxı çıxmamış” tərəflər 14 gün bir-birindən möhlət istədilər...

Beynəlxalq informasiya məkanında yayılan məlumatlara görə, bu razılaşmanın əldə olunmasında Pakistanın baş naziri Şahbaz Şərif əsas vasitəçi fiqurlardan biri kimi çıxış edib və prosesə birbaşa təsir göstərib.

Şərif özü də “X” platformasında yaydığı açıqlamada İran və ABŞ, eləcə də onların müttəfiqləri arasında dərhal qüvvəyə minən atəşkəsin əldə olunduğunu təsdiqləyib və tərəfləri 10 aprel tarixində İslamabadda keçiriləcək danışıqlara dəvət edib. Onun bu çağırışı artıq “İslamabad danışıqları” kimi gündəmə gətirilir və regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Qeyd olunur ki, son günlərdə müharibənin genişlənməsi riski ciddi şəkildə artmış, xüsusilə enerji marşrutları, Hörmüz boğazı və Cənubi Qafqaz istiqamətində təhlükəli ssenarilər gündəmə gəlmişdi. Belə bir şəraitdə Pakistanın həm Qərb, həm Çin, həm Türkiyə, həm də region ölkələri ilə paralel münasibətlər saxlaması Şahbaz Şərifi nadir vasitəçi fiqur kimi ön plana çıxarıb.

Məlumata görə, Pakistan rəhbərliyi gərginliyin daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün intensiv diplomatik təmaslar aparıb və xüsusilə İranın ağır hərbi-siyasi vəziyyətdən çıxarılması istiqamətində aktiv rol oynayıb. Maraqlıdır ki, İranla tarixən mürəkkəb münasibətlərə baxmayaraq, Pakistan bu mərhələdə qonşuluq və regional sabitlik prinsipini üstün tutaraq vasitəçilik missiyasını üzərinə götürüb.

image_1775643418659.jpg

Şahbaz Şərif Azərbaycana xüsusi yaxınlığı ilə seçilən liderlərdən biridir. O, dəfələrlə Azərbaycanda səfərlərdə olub, o cümlədən Qarabağ bölgəsində – Şuşa və Xankəndidə olub və Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib. Bu baxımdan onun region ölkələriylə, o cümlədən Bakı ilə yüksək etimad üzərində qurulmuş münasibətləri də bu diplomatik təşəbbüsün uğur qazanmasında mühüm rol oynayan amillərdən biri kimi qiymətləndirilir.

Hazırda əsas diqqət bu atəşkəsin davamlı olub-olmayacağına yönəlib. Ekspertlər hesab edir ki, İslamabadda planlaşdırılan danışıqlar tərəflər arasında daha geniş razılaşmaların əldə olunması baxımından həlledici ola bilər. Bununla yanaşı, Pakistan və Türkiyənin aktiv diplomatik xəttinin regionda yeni siyasi balans formalaşdırıb-formalaşdırmayacağı, eləcə də Azərbaycanın İranla münasibətlərində yeni mərhələnin başlayıb-başlamayacağı əsas müzakirə mövzularına çevrilib.

MİRZEBEY.jpeg

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Yaxın Şərqdə və ona bitişik geosiyasi məkanlarda son günlər müşahidə olunan gərginlik fonunda İran ilə ABŞ arasında əldə edilən atəşkəs razılaşması yalnız lokal hərbi qarşıdurmanın dayandırılması kimi deyil, həm də yeni diplomatik konfiqurasiyanın formalaşması baxımından diqqətəlayiq hadisə kimi qiymətləndirilməlidir:

“Bu prosesin mərkəzində Pakistanın baş naziri Şahbaz Şərif dayanır və onun təşəbbüsü ilə irəli sürülən təşəbbüslər regionda ənənəvi vasitəçilik mexanizmlərindən fərqli olaraq daha geniş geosiyasi balans axtarışına işarə edir. İran–ABŞ qarşıdurması klassik ikitərəfli münaqişə çərçivəsini çoxdan aşaraq çoxsəviyyəli və çoxvektorlu qarşıdurma müstəvisinə keçmişdi. İran ətrafında formalaşan təzyiq halqası, ABŞ və İsrail tandeminin hərbi-siyasi fəallığı, eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı risklərin artması xüsusilə Hörmüz boğazı üzərindən qlobal iqtisadiyyata birbaşa təsir potensialı yaradırdı. Bu kontekstdə atəşkəsin əldə olunması, ilk növbədə, genişmiqyaslı müharibə ssenarisinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin daha dərin təhlil göstərir ki, bu razılaşmanın əsas strateji çəkisi onun kim tərəfindən və hansı platformada əldə olunmasındadır. Pakistanın vasitəçi kimi önə çıxması təsadüfi deyil. İslamabadın eyni zamanda Çin, Qərb dünyası, Türkiyə və müsəlman ölkələri ilə paralel münasibətlər saxlaması onu nadir geosiyasi neytral vasitəçi statusuna yüksəldir. Bu isə o deməkdir ki, yeni yaranan diplomatik platforma yalnız böhran idarəetmə mexanizmi deyil, həm də alternativ güc mərkəzlərinin koordinasiya nöqtəsinə çevrilə bilər”.

Deputatın fikrincə, “İslamabad danışıqları”nın gündəmə gəlməsi ilə beynəlxalq münasibətlər sistemində diqqətçəkən bir tendensiya daha aydın görünür:

“Qərb mərkəzli vasitəçilik modellərinə alternativ olaraq regional güclərin təşəbbüsləri artır. Bu, faktiki olaraq çoxtərəfli dünya nizamının institusional elementlərinin formalaşdığını göstərir. Pakistanın bu prosesdə aktivliyi isə yalnız taktiki deyil, strateji xarakter daşıyır və onun gələcəkdə daha geniş miqyaslı vasitəçilik missiyalarına iddialı olduğunu nümayiş etdirir.

Bu xüsusda Azərbaycanın mövqeyi və baxış bucağı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu ilə regional proseslərdə etibarlı tərəfdaş və dialoq platforması kimi çıxış etmək potensialını gücləndirib. Xüsusilə 44 günlük müharibədən sonra formalaşan yeni reallıqlar və Bakının təşəbbüsü ilə irəli sürülən regional əməkdaşlıq modelləri Azərbaycanın geosiyasi çəkisini artırıb.

Azərbaycanla Pakistanın tarixi dostluğu və qardaşlığı, baş nazir Şahbaz Şərifin Azərbaycanla yaxın münasibətləri və onun Şuşa və Xankəndi kimi strateji məkanlara səfərləri təkcə simvolik xarakter daşımır, eyni zamanda Bakı–İslamabad xəttində yüksək etimad mühitinin formalaşdığını göstərir. Bu amil Pakistanın vasitəçilik təşəbbüsünün uğurunda dolayı, lakin mühüm rol oynayan faktor kimi qiymətləndirilə bilər. Çünki müasir diplomatiyada şəxsi etimad və siyasi kapital çox vaxt institusional mexanizmlərdən daha effektiv nəticələr doğurur.

Digər tərəfdən, İranla münasibətlər kontekstində Azərbaycan üçün yeni imkan pəncərəsinin açıldığı ehtimalı da nəzərdən qaçırılmamalıdır. Gərginliyin azalması fonunda regionda kommunikasiya xətlərinin, o cümlədən Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunması Bakı üçün strateji prioritet olaraq qalır. Bu baxımdan Tehranla münasibətlərin daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan müstəviyə keçməsi ehtimalı artır. Bununla yanaşı, Türkiyənin də prosesdə dolayı və ya birbaşa iştirakı ehtimalı regionda yeni siyasi sinerjinin formalaşmasına gətirib çıxara bilər. Ankara–İslamabad–Bakı xəttində mövcud olan əməkdaşlıq formatı Yaxın Şərqdən Cənubi Qafqaza qədər uzanan geniş coğrafiyada sabitləşdirici amilə çevrilə bilər.

Nəticə etibarilə, İran–ABŞ atəşkəsi yalnız hərbi əməliyyatların dayandırılması deyil, həm də yeni diplomatik arxitekturanın sınaq mərhələsidir. “İslamabad masası”nın uğuru və ya uğursuzluğu gələcəkdə regional güclərin qlobal proseslərdə rolunun hansı səviyyədə olacağını müəyyənləşdirəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
11
50
musavat.com

10Mənbələr