BAKI, TurkicWorld
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvü Baden-Vürttemberq Biznes Assosiasiyasının Təhsil Mərkəzinin (Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. -BiWE) nümayəndələri ilə görüş keçirilib.
TurkicWorld xəbər verir ki, Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, sədrin müavinləri Eşqin Bayramov və Ramal Quluzadə, “AHK Azərbaycan”ın icraçı direktorunun müavini Aytəkin Siraczadə, BiWE-nin baş icraçı direktoru Stefan Küpper, həmçinin hər iki tərəfdən aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Agentliyin İdarə Heyətinin sədri H.Abbasov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, həmçinin peşə və kadr hazırlığının inkişafı, əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin yetişdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb, bu çərçivədə dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Həmçinin BiWE-nin təmsilçiləri də təşkilat tərəfindən müxtəlif ölkələrdə həyata keçirilən peşə təhsili, kadr hazırlığı, əmək bazarına inteqrasiya və ixtisasartırma proqramları, xüsusilə ikili texniki peşə təhsili və təlimi (Dual TVET) layihəsi barədə ətraflı məlumat veriblər.
Görüş çərçivəsində tərəflər arasında kadr və peşə hazırlığı istiqamətində mövcud imkanlar və çağırışlar, eləcə də birgə əməkdaşlıq perspektivləri müzakirə olunub, gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılıq əldə edilib.